Tokio, 17 sentyabr, AZƏRTAC
Yaponiya parlamentinin yuxarı palatasının komitə üzvləri təhlükəsizlik üzrə siyasətin dəyişməsinə icazə verən qanun layihələri paketini sentyabrın 17-də qəbul edib. Bununla da Baş nazir Şinzo Abe özünün daha vacib siyasi məqsədlərinin həyata keçirilməsi üçün növbəti uğurlu addımı atıb.
Həmin qanun layihələrinin qəbulu ölkəyə kollektiv özünümüdafiə hüququndan istifadə etmək imkanı yaradacaq.
Müxalifət partiyalarından olan deputatlar qanun layihələrinin qəbulunu maksimum uzatmağa çalışırlar. Demək olar ki, onlar 15 saatdan çox müddətdə komitə sədrinə qanun layihələri ilə bağlı müzakirələri açmağa imkan verməyiblər. Onlar hətta komitə sədrinə etimadsızlıq rəyi də irəli sürüblər.
Hakim Liberal-demokratik Partiyadan və onun koalisiya tərəfdaşı olan Komey Partiyasından olan deputatlar isə səsvermə keçirməyə can atıblar. Həmin qanun layihələri səs çoxluğu ilə qəbul olunub.
Hakim blokdan olan deputatlar bu qanun layihələrinin yuxarı palatanın plenar iclasında cari həftənin sonunadək qəbul olunmasına çalışırlar.
Həmin qanun layihələri Yaponiya özünümüdafiə qüvvələrinin xaricdə rolunu artırmağa imkan verəcək. Bu qanun layihələri özünümüdafiə qüvvələrindən Yaponiya ilə sıx əlaqədə olan dövlət hücuma məruz qaldığı təqdirdə istifadə etməyə şərait yaradacaq.
Müxalifətdə olan beş partiyanın lideri bildirmişdi ki, həmin qanun layihələrinin qəbulunun qarşısını almaq üçün onlar başqa strategiyadan da istifadə edəcəklər. Onlar bəyan ediblər ki, əlavə müzakirələrin aparılmasına da ehtiyac var.
Müxalif qüvvələr yekun səsvermənin müddətini uzatmaq üçün Nazirlər Kabinetinə və ya Baş nazirə etimadsızlıq cəhdindən də istifadə edə bilərlər.
Təhlükəsizlik üzrə qanun layihələrinin parlamentin yuxarı palatasının komitəsi tərəfindən qəbulu Yaponiya parlamentinin qarşısında toplaşan mitinq iştirakçıları tərəfindən qəzəblə qarşılanıb.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio