Bakı, 18 sentyabr, AZƏRTAC
Xəbər verdiyimiz kimi IV Bakı Beynəlxalq kitab sərgi-yarmarkası çərçivəsində müxtəlif nəşrlərin təqdimatları keçirilir. Belə tədbirlərin biri Beynəlxalq Türk Mədəniyyət Təşkilatı - TÜRKSOY-un stendində gerçəkləşib. Burada təşkilatın ənənəvi layihələrindən olan "Türk dünyası fotoqrafların görüşü" çərçivəsində "TÜRKSOY obyektivindən Azərbaycan" adlı fotoalbommun təqdimatı olub.
Qeyd edək ki, 2013-cü ilin sentyabrında "Türk dünyası fotoqrafların görüşü" Azərbaycanda baş tutmuşdu. Təqdim edilən "TÜRKSOY obyektivindən Azərbaycan" adlı albomda fotoqrafların ölkəmizin müxtəlif bölgələrində çəkdikləri şəkillər yer alıb.
AZƏRTAC xəbər verir ki, təqdimat mərasimində çıxış edən Azərbaycanın TÜRKSOY-dakı nümayəndəsi Elçin Qafarlı bildirib ki, layihədə 20 fotoqraf iştirak edib: "Fotolarda Bakının memarlıq abidələri, insanların sosial həyatı, binalar və s. əks olunub. Fotoqraflar 3 gün Bakıda çalışdıqdan sonra onları 4 qrupa bölünərək müxtəlif bölgələrə gediblər. Sonra bütün çəkilən şəkillər Bakıda sərgidə nümayiş etdirildi. Hər fotoqrafın 15 şəkli seçilərək "TÜRKSOY obyektivindən Azərbaycan" adlı kitaba daxil edildi. Kitab TÜRKSOY və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çap olunub", - deyə Elçin Qafarlı söyləyib.
E.Qafarlı həmçinin albomun ərsəyə gəlməsinə verdiyi dəstəyə görə Mədəniyyət və Turizm Nazirliyinə minnətdarlığını bildirib.
Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri Vaqif Bəhmənli TÜRKSOY-un layihəsinin əhəmiyyətindən danışıb və bildirib ki, bu həm də türkdilli ölkələrin nümayəndələrinin bir araya gəlməsi üçün böyük imkandır. Layihə çərçivəsində Azərbaycanın görməli, tarixi və mədəni məkanları dünyaya çatdırılır.
Tədbirdə "Fotoqraflar görüşü"nün iştirakçıları çıxış edərək layihənin əhəmiyyətindən danışıblar.
Sonda "TÜRKSOY obyektivindən Azərbaycan" albomu tədbir iştirakçılarına paylanılıb.


