Aktyorun 60 illik yubileyi qeyd olunub

Aktyorun 60 illik yubileyi qeyd olunub
17:38 29 Yanvar 2015
399 Ölkə
Ölkə mətbuatı
A- A+


Lənkəran, 29 yanvar, AzərTAc
Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında bu sənət ocağının aktyoru Əlibala Əsgərovun anadan olmasının 60, səhnə fəaliyyətinin 40 illiyi qeyd olunub.
AzərTAc xəbər verir ki, mərasimdə rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, yubilyarın sənət dostları, mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.
Yubiley tədbirində aktyorun sənət fəaliyyətindən bəhs edən sənədli film nümayiş etdirilib.
Mərasimdə teatrın direktoru Tofiq Heydərov, Hüseyn Ərəblinski adına Sumqayıt Musiqili Dram Teatrının direktoru İslam Həsənov, kinorejissor Sirac Mustafayev və başqaları çıxış edərək Əlibala Əsgərovun kamil sənətkar səviyyəsinə ucaldığını, onun aktyorluq sənətinin səhnəyə yenicə qədəm basmış gənclər üçün əsl məktəb olduğunu bildiriblər.
Qeyd olunub ki, Əlibala Əsgərov Azərbaycan Mədəniyyət və İncəsənət Universitetini bitirdikdən sonra Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında aktyor kimi fəaliyyətə başlayıb.
Teatrda çalışdığı illərdə kollektivin böyük hörmət və nüfuzunu qazanan aktyor bu sənət ocağının səhnəsində 50-dən çox tamaşada müxtəlif xarakterli rollarda istedad və bacarığını nümayiş etdirib.
Diqqətə çatdırılıb ki, Ə.Əsgərov Azərbaycanın kino sənətinə də öz layiqli töhfələrini verib. Aktyorun “Durnalar qayıdanda”, “Qəzan mübarək, Paşam!”, “Susmuş vicdan”, “Sevginin göz yaşı”, “Əli və Nino”, “Hörümçək toru”, digər bədii və televiziya filmlərində yaratdığı rollar, eləcə də teatrın səhnəsində hazırladığı “Ölməz Koşşey”, “Əlibaba və qırx quldur” kimi uşaq tamaşaları ona uğur qazandırıb.
Yubiley tədbirində istedadlı aktyorun iştirak etdiyi tamaşalardan və filmlərdən parçalar nümayiş etdirilib.
Mərasimin sonunda çıxış edən Əlibala Əsgərov səhnə fəaliyyətini bundan sonra da şövqlə davam etdirəcəyini vurğulayaraq, əməyinə verilən qiymətə görə minnətdarlığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Aktyorun_60_illik_yubileyi_qeyd_olunub-828396

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR