Bakı, 21 sentyabr, AZƏRTAC
Livanın paytaxtı Beyrut şəhərində şahmat üzrə 8-ci Beynəlxalq open-turnir başlanıb.
AZƏRTAC xəbər verir ki, yarışda 14 ölkədən 85 oyunçu, o cümlədən 9 qrossmeyster iştirak edirlər. Onların sırasında azərbaycanlı qrossmeyster Azər Mirzəyev də var.
İki turdan sonra 2 xal toplamış 21 oyunçu, o cümlədən Azər Mirzəyev (2558) irəlidədir. Üçüncü turun püşkatmasının nəticələrinə görə Azərbaycan təmsilçisinin növbəti rəqibi yerli şahmatçı Antoni Kassis (2178) olacaq. Onun da aktivində 2 xal var.
Turnirin reytinq favoriti Niderland qrossmeysteri Sergey Tivyakovdur (2611).
İsveçrə sistemi üzrə 9 turda keçirilən beynəlxalq open-turnirin qalibləri sentyabrın 27-də müəyyən ediləcək.