Bakı, 22 sentyabr, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Qurban bayramı münasibətilə əhalinin telekommunikasiya, o cümlədən internet, mobil rabitə xidmətləri və radio-televiziya yayımı ilə yüksək səviyyədə təmin edilməsinə dair rabitə birlik və müəssisələrinə, həmçinin telekommunikasiya operatorlarına müvafiq tapşırıqlar verib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bayram günlərində məsul növbətçilər təşkil edilməklə telekommunikasiya xidmətlərinin, radio-televiziya yayımının fasiləsiz və keyfiyyətli işinin təmin olunması, kabel və xətt zədələnmələrinin tam aradan qaldırılması, internetə çıxış sürətinin tələbata uyğun artırılması, poçt şöbələrinin iş rejiminin tənzimləyici qrafik üzrə qurulması, profilaktik, tikinti-quraşdırma işlərinin dayandırılması, rabitə obyektlərinin mühafizəsinin gücləndirilməsi, yanğın təhlükəsizlik texnikası qaydalarına ciddi əməl edilməsi üzrə tədbirlər görüləcək. Bundan əlavə, rabitə xidmətləri borclarına və digər səbəblərə görə telefonların şəbəkədən açılmaması,eləcə də daxil olan müraciətlərə operativ tədbir görülməsi nəzərdə tutulur.