Çexiyalı ekspert: “Avropa İttifaqının şərqindəki böhranlar həll olunmadan şərq tərəfdaşlığı irəliləyə bilməyəcək”

13:22 29 Sentyabr 2015
16 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Sentyabr 2015 13:18 ]

Mitçel Belfer: “Dağlıq Qarabağ münaqişəsinin həllində əsas maneələr Rusiya, İran və Ermənistandır”

Bakı. Türbət Bağırova - APA. “Azərbaycan Avropa üçün əsas enerji aktyorudur və belə olmağa davam edəcək. Azərbaycan Rusiyanın enerji monopoliyasını qırmağa qadirdir”.

 

Bunu APA-ya müsahibəsində Praqa Metropolitan Universitetinin beynəlxalq münasibətlər və Avropaşünaslıq Departamentinin rəhbəri, Beynəlxalq və Təhlükəsizlik məsələləri üzrə Mərkəzi Avropa Jurnalının (CEJİSS)  baş redaktoru Mitçel Belfer deyib. O bildirib ki, Çexiya parlamentli respublika olduğu üçün prezident Miloş Zemanın Azərbaycana səfəri simvolik jest xarakteri daşıyır, lakin çatdırılan mesajlar baxımından səfər mühüm əhəmiyyətə malikdir.

 

M. Belfer ötən illər ərzində Çexiya hökumətinin biznes əlaqələri və bəzi siyasi elita qrupları arasında yayılan anti-Qərb populizmi nəticəsində Rusiyanın təsir zonasına daxil olduğunu bildirib: “Ümid edilir ki, Çex Respublikasının Azərbaycanla strateji tərəfdaşlığa can atması Çexiyanın Avropaya qayıtmaq marağında olduğunun göstəricisidir. Azərbaycan Avropa üçün əsas enerji aktyorudur və belə olmağa da davam edəcək. Azərbaycan Rusiyanın enerji monopoliyasını qırmağa imkan verir”.

 

Çexiyanın Azərbaycan qazı və digər karbohidrogen məhsullarından müəyyən qədər asılı olduğunu söyləyən M. Belfer Azərbaycanın enerji infrastrukturunun da Çexiyanın hidravlik nasos və digər mexaniki vasitələrinə ehtiyacı olduğunu bildirib: “Hər iki tərəf iqtisadi və sosial sektorlarda inkişaf edən əlaqələrin gücləndirilməsindən fayda qazanacaq”.

 

Ekspert Çexiya prezidenti tərəfindən səsləndirilən “Azərbaycan bütün öhdəliklərini yerinə yetirir, heç də bütün dövlətlər belə yüksək maliyyə intizamı ilə fərqlənmir” fikrinə də münasibət bildirib: “Təkcə Miloş Zeman deyil, Avropada Azərbaycanı və regiondakı vəziyyəti başa düşən bir çoxları bu fikirləri bölüşürlər”.

 

M. Belferin sözlərinə görə, Avropa İttifaqının şərqində olan böhranlar həll olunmadan şərq tərəfdaşlığı irəliləyə bilməyəcək: “Ukraynadakı münaqişə, Ermənistanın Dağlıq Qarabağı işğalı və Rusiyanın Gürcüstan ərazilərində mövcudluğu davam etdikcə bu vəziyyət belə də qalacaq”.

 

Ekspert qeyd edib ki, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin gələcəyi Avropa İttifaqının öz gələcəyindən asılıdır: “Əgər Avropa İttifaqı iqtisadi artım və həmrəylik, siyasi harmoniya və hərbi potensialın birləşdirilməsi istiqamətində davam etsə, onda Azərbaycan daha irəli gedəcək və Avropanın strateji prioritetləri arasında mərkəzi yer tutacaq. Əgər Avropa İttifaqı böhranlar qarşısında parçalanmağa davam etsə, Azərbaycan bəzi dövlətlər üçün, məsələn Çexiya və Slovakiya üçün güclü tərəfdaş, bəziləri üçün isə zəif tərəfdaş olacaq”.

 

Dağlıq Qarabağ münaqişəsinə də toxunan M. Belfer münaqişənin həllində üç əsas maneənin Rusiya, İran və Ermənistan olduğunu vurğulayıb: “Bu üç dövlət Dağlıq Qarabağda gərginliyin davam etməsi və münaqişənin canlı qalmasında birbaşa məsuliyyət daşıyırlar. Heç bir güzəşt olmamalıdır, Dağlıq Qarabağ suveren Azərbaycanın ərazisidir. Mən münaqişənin qeyri-zorakı vasitələrlə həllini dəstəkləsəm də, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması üçün Rusiya, İran və Ermənistana təzyiqlər olmasının vacibliyini düşünürəm”. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/398687

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR