Putindən homoseksuallara dəstək

Putindən homoseksuallara dəstək
14:01 29 Sentyabr 2015
33 Digər
Ölkə mətbuatı
A- A+

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın tanınmış jurnalisti Çarli Rouza müsahibəsində ölkəsində homoseksualların probleminin şişirdildiyini deyib.

ANS PRESS-in məlumatına görə, Putin bu məsələnin ölkəsinə qarşı mənfi rəy yaradılmaqda istifadə edildiyini, ABŞ-ın homoseksuallara qarşı daha sərt olduğunu bildirib.

"ABŞ-ın 4 ştatında homoseksuallıq cinayət sayılır və onlar qanunla təqib edilir. Halbuki, Rusiyanın cinayət məcəlləsində vaxtilə mövcud olan bu maddə çıxarılıb", - deyən Putin homoseksuallığın deyil, onun yeniyetmələr arasında təbliğinin əleyhinə olduğunu bildirib.

"Bizim əleyhinə olduğumuz məsələ homoseksuallığın yeniyetmələr arasında təbliğ edilməsidir. Uşaqlara böyüməyə, özünü tanımağa imkan verilməlidir. O, özü qərar verməlidir ki, qadın, yoxsa kişi olmaq istəyir, normal - təbii nikahda yaşamaq istəyir, yoxsa qeyri-ənənəvi", - deyə ölkə başçısı öz fikrini izah edib.


Çarli Rouzun Valdimir Putinlə müsahibəsi


Vladimir Putin bu məsələnin Rusiyaya qarşı hücum vasitəsi kimi istifadə edildiyini də deyib. O, jurnalist Çarli Rozunun "bu hücumları kimlər edir?" sualına isə dəqiq cavab verməyib və "görmək istəyirsinizsə, ətrafınıza baxın", - deyib.

Bir müddət əvvəl məşhur britaniyalı müğənni, bəstəkar Elton Con cinsi azlıqlarla bağlı Rusiya prezidenti Vladimir Putinlə görüşmək arzusunda olduğunu demişdi. Vladimir Putin onunla görüşməsə də, Vovan (Vladimir Krasnov) və Leksus (Aleksey Stolyarov) ləqəbli rusiyalı prankerlər ifaçıya zəng edərək Putinin adından onunla danışıblar.


Prankelər Vovan (solda) və Leksus (sağda)


Onlardan biri özünü prezidentin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov kimi təqdim edib və guya Putinlə Elton Conun söhbətini tərcümə edib. Digər pranker isə Rusiya prezidentinin adından danışıb.

Hadisə haqqında mətbuatda məlumat yayılandan sonra Vladimir Putin özü Elton Cona zəng edib. Onların qrafiklərində imkan yaranan kimi ifaçı ilə görüşəcəyini və onu maraqlandıran bütün sualları müzakirə edəcəyini deyib.

Telefon danışığı zamanı Vladimir Putin prankerləri "zərərsiz adamlar" adlandırıb və Elton Condan onlara inciməməyi xahiş edib.


Elton Con və həyat yoldaşı kinorejissor Devid Förniş övladlığa götürdükləri oğulları ilə

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=1&nid=361520

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR