Rabitə və yüksək texnologiyalar sahəsində Azərbaycan-Koreya əməkdaşlığı müzakirə olunub

Rabitə və yüksək texnologiyalar sahəsində Azərbaycan-Koreya əməkdaşlığı müzakirə olunub
20:13 29 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 sentyabr, Xatirə Cəfərova, AZƏRTAC
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Koreya Respublikasının Azərbaycandakı səfiri Çоi Suk İnin diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar görüş keçirilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə ölkələr arasında siyasi-iqtisadi və mədəni sahələrdə münasibətlərin uğurlu inkişafından məmnunluqla söhbət açan Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov ikitərəfli münasibətlərin bütün sahələrdə, o cümlədən, rabitə və yüksək texnologiyalar sahəsində qarşılıqlı razılıq doğurduğunu qeyd edib. Koreyanın informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsində əldə etdiyi nailiyyətlərdən danışan nazir bu qabaqcıl təcrübənin gələcəkdə də Azərbaycan üçün faydalı ola biləcəyini diqqətə çatdırıb.
Səmimi qəbula görə nazirə təşəkkür edən səfir Çoi Suk İn də Koreya-Azərbaycan münasibətlərində qarşılıqlı əməkdaşlığın bütün istiqamətlərdə, o cümlədən İKT, rabitə və yüksək texnologiyalar sahəsində yüksək səviyyədə olduğunu qeyd edib. Bu sahədə həyata keçirilən birgə layihələrin əhəmiyyətini vurğulayan diplomat xüsusən Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) ilə əməkdaşlıqda icra olunan “Azərbaycanda elektron hökumət üçün təlim mərkəzinin yaradılmasından söz açaraq, bu əməkdaşlığın gələcəkdə daha da genişləndiriləcəyinə əminliyini ifadə edib.
Görüşün sonunda nazir Ə.Abbasov ölkəmizdəki diplomatik fəaliyyəti dövründə İKT, rabitə və yüksək texnologiyalar sahəsində qarşılıqlı əməkdaşlığın inkişafında göstərdiyi xidmətlərə və verdiyi töhfəyə görə Çoi Suk İnə minnətdarlıq edərək ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Rabite_ve_yuksek_texnologiyalar_sahesinde_Azerbaycan_Koreya_emekdasligi_muzakire_olunub-888315

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR