Bakı, 29 sentyabr, AZƏRTAC
Hər il sentyabrın 29-u Dünya Ürək Günü kimi qeyd edilir.
AZƏRTAC xəbər verir ki, Dünya Ürək Federasiyasının rəsmi tərəfdaşı olan UEFA-nın dəstəyi ilə qeyd olunan bu əlamətdar günün əsas məqsədi qlobal maarifləndirməni inkişaf etdirərək insanlara ürək-damar xəstəlikləri, fəal və sağlam həyat tərzinin üstünlükləri haqqında məlumat vermək və ətraf mühitin mühafizəsinə nail olmaqdır.
Ürək-damar xəstəlikləri, həmçinin iflic dünyada ən çox insan ölümünə səbəb olan xəstəliklərdəndir. Hər il bu xəstəliklər 17,3 milyon insanın vaxtsız ölümünə səbəb olur. Bu rəqəmin 2030-cu ilədək 23 milyon olacağı gözlənilir. Ürək-damar xəstəlikləri nəticəsində baş verən vaxtsız ölümlərin azaldılması hələ ki riskli amillərin qarşısını alaraq həyata keçirilir: məsələn, tütünün istifadəsi, fiziki hərəkətsizlik, sağlam olmayan qidalanma rejimi. Bütün bunlar insanın ətraf mühiti ilə birbaşa əlaqəlidir.
Dünya Ürək Federasiyasının prezidenti Salim Yusuf Ürək Gününün vacibliyini belə izah edib: “Dünya Ürək Günündə 120-dən çox ölkədən istər fərdi şəxslər, istər ailələr, istərsə də icmalar və hökümətlər bizə qoşularaq ürək xəstəlikləri və iflic riskini azaltmaq üçün hərəkətə keçir. Mən hər kəsi bizə qoşulmağa səsləyirəm."
Uzun illərdir UEFA Avropa Sağlam Stadia Şəbəkəsi və Avropa futbol ailəsi Dünya Ürək Federasiyası ilə birgə sağlam və fəal həyat tərzini dəstəkləyir, piylənmə və ürək-damar xəstəliklərinin qarşısını almaq üçün çalışır. Dünya Ürək Gününün dəstəkçilərindən biri olaraq Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) da bu il futbol azarkeşlərini bir qayda olaraq, futbol, gəzinti və velosiped sürmək kimi fiziki cəhətdən fəal tədbirlərdə iştirak etməyə səsləyir.