Roma, 12 oktyabr, AZƏRTAC
Bir müddət əvvəl İtaliyanın “Formiche” xəbər saytında jurnalist Anna Mazzoninin Azərbaycanla bağlı əsassız fikirlərdən ibarət yazısı yayılmışdı.
Azərbaycanın İtaliyadakı səfirliyinin konsulu Bəxtiyar Məmmədovun həmin saytda italiyalı jurnalistin yazısına cavab məktubu yerləşdirilib.
Məktubda qeyd olunur ki, A.Mazzoni Azərbaycan ərazisinin 20 faizini işğal edən, bir milyondan artıq azərbaycanlını qaçqın və məcburi köçkünə çevirən Ermənistan ilə uzun zaman əməkdaşlıq edir. Jurnalist yazısında Azərbaycana qarşı yanlış və əsassız informasiyalardan istifadə edib.
Diplomat vurğulayır ki, italiyalı jurnalistlər A.Mazzoninin və Simone Zoppellaronun Azərbaycan hökuməti tərəfindən “qara siyahı”ya salınması onların vəzifələri ilə əlaqədar deyil. Sadəcə olaraq, onlar İtaliya ilə Azərbaycan arasında razılaşdırılmış viza proseduruna əməl etməyiblər. Azərbaycan ərazisinə vizasız daxil olmaq ölkəmizin qanunlarını ciddi pozmaq deməkdir. Statusundan və vəzifəsindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunlarını pozan hər bir şəxs bu cür münasibətlə qarşılaşacaq.
Maqsud Dadaşov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma