Sumqayıt, 20 oktyabr, AZƏRTAC
“Sumqayıt” futbol klubunun hücumçusu Pərdis Fərcad-Azad rekordunu təkrarlamaqla klubun tarixinə düşüb. Topaz Premyer Liqasının VIII turunun “İnter”lə ev oyununda qol sevinci yaşayan 27 yaşlı forvard klubunun ölkə çempionatlarındakı ən yaxşı bombardiri adına şərik çıxıb.
“Sumqayıt” FK-nın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, klubun heyətində Premyer Liqada 18-ci dəfə fərqlənən Pərdis bu göstəricidə Məhəmməd Qurbanova çatıb. Sonuncu artıq “Gənclik şəhəri” təmsilçisində çıxış etmədiyindən Fərcad-Azad rekordu yeniləmək imkanına malikdir. Pərdisin orta məhsuldarlığı 0,273-ə bərabərdir. Cari mövsümdə 7 matçda ilk dəfə fərqlənən hücumçu qollarından 9-nu 2012/13-cü (23 oyun), 6-nı 2013/14-cü (24 oyun), 2-ni 2014/15-ci illər (12 oyun) mövsümlərində vurub.