Tokio, 20 oktyabr, AZƏRTAC.
Yapon polisi ölkənin ən böyük qanqster sindikatı sayılan “Yamaquçi-qumi” yakuza klanının başçısı Kenci Equçini həbs edib. Kyodo agentliyinin verdiyi məlumata görə, onunla birlikdə daha bir nüfuzlu yakuza həbs olunub.
Hər iki yakuza lideri qeyri-qanuni sövdələşmələrə xidmət edən saxta şirkət təsis etməkdə şübhəli biliniblər. Polis bununla “Yamaquçi-qumi”ni zəiflətmək və son vaxtlar artan qruplararası gərginliyi azaltmaq niyyətindədir.
Xəbər verdiyimiz kimi, bu ilin sentyabrında həmin qrupda parçalanma baş verib və əsas heyətdən ayrılan üç min nəfərlik dəstə Kobe şəhərində müstəqil birlik yaratdığını elan edib. Hökumət strukturları onların arasında hər an qanlı qarşıdurmanın baş verəcəyindən ehtiyatlanır. Buna görə də polis hazırda hər iki qrupun başçılarını həbs edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio