Skopye, 20 oktyabr, AZƏRTAC
Skopye şəhərinin tarixi “Kursumli An” karvansaray-mehmanxanasında keçmiş Yuqoslaviya Makedoniya Respublikasının paytaxtı ilə 19 ölkə və 4 beynəlxalq təşkilat arasında əlaqələrin qurulmasının 20 illiyi münasibətilə yubiley mərasimi keçirilib.
Mərasimdə Azərbaycan, Səudiyyə Ərəbistanı, Rumıniya, Moldova, Hindistan, Estoniya, Antiqua və Barbuda, İran, Liviya, Ukrayna, Sinqapur, Qazaxıstan, Monqolustan, Litva, ABŞ, Yunanıstan, Avstraliya, İsrail və Omanın nümayəndələri, eləcə də NATO, Avropa Şurası, ATƏT və Dünya Turizm Təşkilatının təmsilçiləri iştirak ediblər.
Tədbirdə Azərbaycanın Türkiyədə, eyni zamanda keçmiş Yuqoslaviya Makedoniya Respublikasında akkreditə olunmuş səfirliyi tərəfindən tərtib edilən guşədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən, o cümlədən ölkəmizin turizm potensialı, mətbəxi, xalçaçılıq sənəti, musiqi alətləri və digər sənətkarlıq nümunələrini əks etdirən əyani vəsaitlər nümayiş olunub və tədbir iştirakçılarına paylanıb.
Keçmiş Yuqoslaviya Makedoniya Respublikasının xarici işlər naziri Nikola Poposki Azərbaycan guşəsində nümayiş etdirilən nümunələrlə tanış olub. Nazir Azərbaycan səfirliyinin nümayəndəsi ilə söhbətində ölkəsinin də Azərbaycan kimi ağrılı tarixə malik olduğunu qeyd edib. O, bu bənzər tarixlərin ölkələrimizi bir-birinə daha da yaxınlaşdırdığını söyləyib. N.Poposki diqqətə çatdırıb ki, ölkəsi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlığa böyük önəm verir. Xüsusilə də TANAP və TAP layihələri tamamlandıqdan sonra keçmiş Yuqoslaviya Makedoniya Respublikası bu boru kəmərləri ilə nəql olunacaq enerji resurslarından yararlanmaq niyyətindədir.
Sabir Şahtaxtı
AZƏRTAC-ın xüsusi müxbiri
Skopye
