Ramil Həsənov: “Türk Şurasını Avropa Birliyinin mini modeli hesab edirik” - MÜSAHİBƏ

Ramil Həsənov: “Türk Şurasını Avropa Birliyinin mini modeli hesab edirik” - MÜSAHİBƏ
10:57 29 Dekabr 2014
370 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 29 Dekabr 2014 10:53 ]

“Biz hərbi blok yox, siyasi-iqtisadi təşkilatıq”

İstanbul. Mayis Əlizadə - APA. Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovun APA-ya müsahibəsi

 

- Türk Şurasının baş katibi kimi fəaliyyətə 3 ay əvvəl başladınız. Bunu həm yeni dönəm, həm də yeni mərhələ kimi xarakterizə etmək olar. Fikirlərinizi öyrənə bilərikmi?

 

- Məncə, yeni dönəm və yeni mərhələ bir-birindən fərqli yox, bir-birini tamamlayan məfhumlardır. Türk Şurasının yaradılması barədə qərar türk dilində danışan ölkələrin dövlət başçılarının 2009-cu ildə Naxçıvanda  Azərbaycan prezidenti İlham Əliyevin ev sahibliyində keçirilən zirvə toplantısında qəbul edilib. Qərarın Naxçıvanda qəbul edilməsinin simvolik önəmi var, çünki Naxçıvan Türkiyə ilə türk dövlətləri arasında quru sərhədi olan yeganə ərazidir. Dövlət başçılarının 2010-cu ilin sentyabrında İstanbulda keçirilən zirvə toplantısında isə iş konkretləşdirilərək Türk Şurasının katibliyi yaradıldı və Türkiyənin Moskvadakı səfiri, hörmətli Xəlil Akıncı Türk Şurasının ilk baş katibi oldu. Quruculuq mərhələsi olmasına baxmayaraq, Türk Şurasının ilk 4 ildə çox səmərəli işlədiyini vurğulamalıyam. Türk Şurası könüllülük prinsipi və beynəlxalq təşkilatların fəaliyyət mexanizmi üzərində qurulub; Nizamnaməyə görə, hər 4 ildən bir  üzv ölkələrin birindən növbələşmə yoluyla Şuraya yeni baş katib seçilir. İyunda dövlət başçılarının Bodrumda keçirilən zirvə toplantısında Azərbaycan prezidenti möhtərəm İlham Əliyev cənablarının təqdimatıyla mən Türk Şurasının baş katibi vəzifəsinə seçildim. Bu sahədə müəyyən təcrübə toplamağıma  səbəb  daha əvvəl Türk Şurasının digər qolu  olan və Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi olmağım idi. Türk Şurasının ən önəmli cəhəti təşkilata üzv olan ölkələr arasında böyük-kiçik qardaşlığın qətiyyən olmamasıdır. Bu mənada Türk Şurası BMT, ATƏT və İƏT-dən heç nə ilə fərqlənmir. Bu təşkilata qatılmaq könüllülük prinsipinə söykənir, qərarların hamısı eninə-boyuna müzakirə edilərək müştərək konsensusla qəbul edilir. İstanbulda fəaliyyətə başlayarkən burada son dərəcə peşəkar bir komanda ilə qarşılaşdığımı da ayrıca qeyd etməliyəm. Türk Şurasında işə başlamaq üçün xüsusi imtahanlar keçirilir, burada işləməyə haqq qazanan hər bir şəxs 70-100 peşəkar diplomatın arasından seçilir. Türk Şurasında işə başlayan hər bir diplomat öz ölkəsindəki “diplomat kepkası”nı çıxararaq, buradakı fəaliyyətində üzv ölkələrin hamısına eyni məsafədə durmaq məcburiyyətindədir, başqa cür ola bilməz, əməkdaşlarımız neytral şəkildə çalışmalıdırlar. Türk Şurasının fəaliyyəti  bütün məsələlərin dərindən müzakirəsi, üzv ölkələrin istək və arzularının ətraflı şəkildə öyrənilib təhlil edilməsi və  imza mərhələsinə gətirilməsi mexanizmi üzərində qurulub. Üzv ölkələr arasındakı münasibətlər inkişaf etdikcə Türk Şurasının koordinasiya etdiyi fəaliyyət sahələri də  genişlənir. İndi bizim koordinasiya etdiyimiz 12 sahə var:

 

1) Xarici işlər; 2) Gömrük; 3) Təhsil; 4) Mədəniyyət; 5) Turizm; 6) İdman; 7) İqtisadiyyat; 8) Sənaye; 9) Vergilər; 10) Nəqliyyat; 11) İnformasiya texnologiyaları və innovasiyalar; 12) Rabitə və infrastruktur.

 

Bu sahələrdə  əməkdaşlığı inkişaf etdirmək üçün gündəmə gələn istənilən məsələ əvvəlcə üzv ölkələrin müvafiq nazirliklərinin məmurları və bizim o sahə ilə məşğul olan diplomatlarımızın iştirakıyla İstanbulda geniş şəkildə müzakirə edilir; daha sonra nazirlərin iştirakıyla müzakirələr keçirilir, qəbul edilən sənədlər bizə gəlir. Türk Şurasının baş katibi kimi yekun sənədləri dövlət başçılarının ildə bir dəfə keçirilən zirvə toplantısının gündəminə gətirib məruzə edirik. Qərar layihələri dövlət başçılarının zirvə toplantısına təqdim edilir, dövlət başçıları qərar layihələrini imzalayandan sonra biz qəbul edilmiş qərarların icrasına nəzarət edirik. Nizamnaməmizə görə, Şuranın baş katibi ölkə başçısıyla birbaşa əlaqədə olur, ancaq ölkə başçısının gərgin iş qrafikinə  görə, baş katib adətən xarici işlər naziriylə daimi təmasda olur. Mənim Türkiyədəki indiki tərəf-müqabilim xarici işlər naziri Mövlud Çavuşoğludur. Bunu xüsusi vurğulamaq istəyirəm ki, Türk Şurası özünün dinamik və effektiv fəaliyyətini Şuraya üzv olan 4 ölkənin dövlət başçılarının güclü siyasi iradəsinə borcludur, məhz o siyasi iradə bizim öz fəaliyyətimizi beynəlxalq təşkilatların standartlarına yüksəltməyimizə təkan verir. Bir məsələyə diqqəti cəlb etmək istəyirəm: bəzən Türk Şurasının fəaliyyətini QHT fəaliyyəti  kimi dəyərləndirirlər, bu, kökündən səhvdir. Türk Şurası 4  üzv ölkə arasındakı əməkdaşlığı dərinləşdirmək üçün qurulmuş rəsmi dövlətlərarası beynəlxalq  təşkilatıdır. Bu baxımdan biz Türk Şurasını Avropa Birliyinin mini modeli hesab edirik. Başda BMT, ATƏT, İslam Əməkdaşlıq Təşkilatı olmaqla, bütün beynəlxalq təşkilatlar da bizi bu cür tanıyırlar. Biz hərbi blok deyilik, qardaş ölkələr arasındakı əlaqələri könüllülük, qarşılıqlı hörmət və konsensus əsasında inkişaf etdirməyi  qarşısına məqsəd qoymuş siyasi-iqtisadi təşkilatıq. Türk Şurasının məqsədi bölgədə sülhə, sabitliyə, iqtisadi rifaha, toleransa, xalqların yaxınlaşmasına yardım etməkdir. Bizim üçün din, dil, irq fərqi yoxdur, bəşəri və humanist dəyərlər var. 4 qardaş ölkənin birlikdə çalışmasının başqa ölkələrə zərəri yox, faydaları vardır. Hal-hazırda Türk Şurasının tərkibinə mərkəzi Astanada olan Türk Akademiyası, mərkəzi Bakıda olan TürkPA, mərkəzi Bakıda olan Türk Mədəniyyəti və Miras Fondu və mərkəzi Ankarada olan TÜRKSOY qurumu daxildir. Diqqəti cəlb etmək istədiyim əsas bir nöqtə də bundan ibarətdir: hal-hazırda Türk Şurasına daxil olan ölkələrdən hər hansı birinin xarici işlər naziri BMT-də, ATƏT-də, İƏT-də çıxış edərsə, o çıxış Türk Şurasının 4 üzv ölkəsinin adından edilmiş sayılır.

 

- Türk Şurası yaranandan bəri Özbəkistanın Şurada olmamasına  və 16 sentyabr 2010-cu ildəki zirvə toplantısında Türkmənistan dövlət başçısının iştirak etməsinə baxmayaraq, Türkmənistanın da Şuraya məsafəli durmasına dair suallar gündəmdə qalmağa davam edir. Sizin bu suallara cavabınızı öyrənmək istərdik.

 

- Bilirsiniz ki, Avropa Birliyinin yaranmasına dair sənədə də 3 ölkə imza atmışdı, indi birliyin 28 üzvü var. Türk dünyası zəngin təbii sərvətlərin olduğu bölgədə yerləşir. Türk Şurasının başlıca məqsədi bu bölgədəki xalqlarımızın rifah səviyyəsinin daima yüksəldilməsi, onlara ortaq xoşbəxt gələcək hazırlanmasıdır. Bu səbəbdən biz işin əvvəlindən bəri Özbəkistanın və Türkmənistanın Türk Şurasında aktiv fəaliyyətini arzu etmişik. Özbəkistanın birliyimizə qoşulacağına dair ümidimizi həmişə qoruyur və bunu arzu edirik, nə vaxt gəlsə, doğma qardaş qapımız həmişə açıqdır. Türkmənistana  gəlincə, son 2 ildə Türkmənistanın Türk Şurasındakı aktiv fəaliyyəti bizi həddindən artıq məmnun edir. 2013-cü ildə Qəbələdə keçirdiyimiz zirvə toplantısına Türkmənistan baş nazirin müavini səviyyəsində qatıldı. İyunda Bodrumdakı zirvə toplantısına isə dövlət başçısı Qurbanqulu Berdımuhammedov gəldi ki, bunun bizi məmnun etdiyini vurğulamalıyam. İndi Türkmənistanın müvafiq qurumlarının məmurları bizim toplantılarımızda fəal iştirak edirlər. Gələcəkdə başqa ölkələrin də Türk Şurasına üzv olacağı ehtimalının güclü olduğunu düşünürəm. Bunun üçün başlıca şərtimiz - Şuraya üzv olmaq istəyən ölkədəki rəsmi dillərdən birinin türkcə olmasıdır. Bu baxımdan Macarıstanın siyasətini  diqqətlə izləməyi tövsiyə edərdim. Macarıstan heyəti TürkPA-ya müraciət edərək müşahidəçi statusunda üzv olmaq istədi, macar nümayəndə heyəti bu məqsədlə Bakıya gəldi. Biz məsələni müzakirə edərək Macarıstanı TürkPA-ya müşahidəçi üzv kimi qəbul etdik. Macarıstanın Türk Şurasına üzv qəbul olunmasına gəlincə - bu barədə müraciət olarsa, bunu dəyərləndirib qərar vermə səlahiyyəti Türk Şurasına üzv olan ölkələrin dövlət başçılarına aiddir. Bəlkə gələcəkdə, məsələn, Makedoniya, Albaniya kimi ölkələrdən də bizimlə əməkdaşlıq etmək üçün təkliflər gələ bilər. Rusiya Federasiyasında 20 milyon türk mənşəli insanın yaşadığı məlumdur. Onların öz yurd-yuvalarında xoşbəxt olmaları başlıca arzumuzdur. Əgər Rusiya Federasiyası da Türk Şurası ilə hər hansı formada əməkdaşlığa isti baxarsa, biz bunu müzakirə edib lazımi qərarları qəbul etməyə hazır olacağıq. Bundan əlavə, biz türk dövlətlərinin xaricdəki diaspora təşkilatlarının fəaliyyətinin gücləndirilməsinə də çox önəm veririk. Paris, Berlin, Vaşinqton diaspora mərkəzlərimizi açmağa planlaşdırırıq. Bu plan çərçivəsində ilk mərkəzimizi isə dekabrın 24-də Kiyevdə açdıq.

 

- Türk Şurasının müştərək təhsilə önəm verdiyi məlumdur. Təhsil nazirlərinin 26 noyabrda Bakıda keçirilən toplantısında da önəmli qərarlar qəbul edildi. Azərbaycan və Qazaxıstanın dünyəvi təhsil və rejim məsələlərində mövqeyi məlumdur. Son illərdə Türkiyədə hökumətin din təməlli təhsilə yönəlməsi təhsil sahəsindəki əməkdaşlığınıza neqativ təsir göstərə bilərmi?

 

- Türk Şurası üzv ölkələrin daxili işlərinə qətiyyən qarışmır. Biz xalqlarımızın seçkilərdə nümayiş etdirdiyi iradəyə hörmətlə yanaşırıq. Güman ki, keçən ay Antalyada keçirilən Təhsil Şurasının bəzi tövsiyə qərarlarını nəzərdə tutursunuz. Cəmiyyətdə bəzi şeylərin müzakirə edilməsi mümkündür, amma arzu, istək və tövsiyələrin Məclisdə qanun halına gətirilərək həyata keçirilməsi  başqa şeydir.

 

- Hökumətin 2011-ci ildən bəri Məclisdən keçirdiyi qanunlar  nəticəsində ölkədəki liseylərin 80%-i dini təmayüllü olub. Bu vəziyyət Türk Şurasına üzv ölkələrin təhsil sahəsindəki əməkdaşlığına neqativ təsir göstərə bilərmi?

 

- Təkrar edirəm ki,  ölkələrimizin daxili işlərinə qətiyyən qarışmırıq, bayaq  qeyd etdiyim  kimi, 12 sahədə üzv ölkələr arasında əməkdaşlığı və inteqrasiyanı dərinləşdirməyə çalışırıq. Təhsil nazirlərinin Bakıdakı toplantısında 2016-cı ilin sentyabrından başlayaraq, türkdilli ölkələrdə ortaq “Türk tarixi” kitabının dərslik kimi oxudulması qərarlaşdırıldı. Avropa Birliyi ölkələri öz tarixlərindən əlavə, bir də Avropa tarixini oxudurlar, bunu biz niyə etməyək? Ortaq tarix kitabından sonra ortaq ədəbiyyat və coğrafiya kitablarını da hazırlayacağıq. Bundan əlavə, Şuraya üzv  ölkələrin 16 universiteti  bir araya gələrək, AB-nin “Erasmus” proqramı mahiyyətində tələbə mübadiləsi proqramı hazırlayıb. “Orxun prosesi” adı verdiyimiz bu proqramdan indiyə qədər təxminən 200 tələbə faydalanıb. Gələcəkdə Şuraya üzv olan ölkələrin “Orxun prosesi” proqramının diplomlarını  tanımasını  planlaşdırmışıq.

 

- Üzv ölkələr arasındakı iqtisadi münasibətlər nə qədər güclü olsa da, mədəniyyət infrastrukturu zəifdirsə, əlaqələri daimi qılmaq mümkün deyil. Hüseyn Cavidin dediyi kimi, “Turana qılıncdan ulu, kəskin qüvvət; Yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət”. TÜRKSOY-un Türk Şurasının çətiri altında olması məmnuniyyət doğursa da, o qurumun bəzi tədbirlərinin yaxşı təşkil edilmədiyini və Türkiyədə lazımi diqqəti görmədiyini deməliyəm. Bununla bağlı xeyli örnək verə bilərəm. Fəaliyyətə yeni başlamısınız, bundan sonrakı dönəmdə TÜRKSOY-un gördüyü işlərin türk dünyasında lazımi əks-sədanı yaratması üçün diqqəti artırmağı düşünürsünüzmü?

 

- TÜRKSOY bizim ən önəmli qurumlarımızdan biridir, onun hazırkı baş katibi Düsen Kaseinov təcrübəli mədəniyyət xadimi və diplomat, Qazaxıstanın keçmiş mədəniyyət naziridir. Bu günə qədər çox önəmli işlər görmüş TÜRKSOY-un  bəzi tədbirlərinin istənilən səviyyədə əks-səda yaratmaması mümkündür. Əlbəttə, biz mədəniyyətə dair tədbirlərimizə  təkcə Türkiyədə yox, türk dünyasında da ən yüksək dərəcədə diqqət göstərilməsini və tədbirlərimizin istənilən səviyyədə əks-səda yaratmasını ürəkdən arzu edirik. Bundan sonrakı dönəmdə hamımız əl-ələ verərək, mədəniyyət sahəsindəki tədbirlərimizin  təkcə Türkiyədə yox, bütün türk dünyasında haqq etdiyi əks-sədanı yaratmasına çalışacaq və buna nail olacağıq.

 

- Söhbətimizdə dəfələrlə AB-yə istinad etdiniz. Bunu əsas alaraq maraqlı söhbətin  son sualı da Türk Şurası ölkələrinin gömrük birliyinin perspektivləri barədə olsun.

 

- Türk Şurasının fəaliyyəti realizm üzərində qurulub. Ona görə də gömrük birliyi ilə bağlı indiki mərhələdə sadəcə bunu demək istəyirəm ki, biz bu işə başlamışıq, ancaq nə vaxt reallaşdıra biləcəyimizə dair indi nə desəm, gerçəklikdən uzaq olacaq.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR