Bakı. Aynur Əliyeva - APA-Economics. Ötən gün Xocasən-Lökbatan avtomobil yolunun 2-ci kilometrliyində Xocasən qəsəbəsi ərazisində “Shacman” markalı ağır tonnajlı yük maşını piyada keçidini yararsız hala salıb.
Bunu “APA-Economics”ə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.
Onun sözlərinə görə, nəqliyyat vasitəsinin sürücüsü bildirib ki, hadisə diqqətsizlik ucbatından baş verib: “Sürücü bildirib ki, daşıdığı yükü boşaldıb və maşını yuyub. Lakin maşının yük daşınan hissəsini açıq saxlayıb. Sürətlə hərəkət edən ağır tonnajlı maşın yerüstü piyada keçidini tamamilə dağıdıb. Hadisə yerinə yol təsərrüfat idarəsinin texniki heyəti işləyir”.
Hazırda dəyən ziyanın məbləği hesablanır.