[ 02 Fevral 2015 16:06 ]
Bakı. Ramiz Mikayıloğlu - APA. Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Prezidenti yanında Gənclər Fondunun təşkilatçılığı ilə 2 Fevral - Gənclər Günü münasibətilə tədbir keçirilib. APA-nın məlumatına görə, Gənclər Fondunun sədri Fərhad Hacıyev Gənclər Gününün 1997-ci ildə Heydər Əliyevin sərəncamı ilə təsis edildiyini xatırladıb. O deyib ki, Azərbaycanda gənclər siyasəti dövlətin əsas prioritetidir.
Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov bildirib ki, Azərbaycan Gənclər Gününü ilk təsis edən ölkədir: “Hazırda dünyanın əksər ölkələrində Gənclər Günü qeyd edilir. Ancaq heç bir ölkədə Gənclər Günü Azərbaycandakı kimi yüksək səviyyədə qeyd olunmur. Bu, Azərbaycan gəncliyinə qayğının təzahürüdür. Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra gənclərə qayğı dövlət siyasətinin prioritetini təşkil etməyə başlayıb. Heydər Əliyevin dövründə ilk yaradılan nazirlik Gənclər və İdman Nazirliyi olub, sonrakı dövrdə gənclər siyasəti ilə bağlı fərman imzalanıb, Gənclər Günü təsis edilib”.
T Süleymanov qeyd edib ki, 2013-cü ildən başlayaraq Azərbaycanın iqtisadi imkanlarının artması ilə əlaqədar gənclərlə iş sahəsində daha böyük layihələr həyata keçirilir, işlər görülür: “Dövlətin gənclər təşkilatlarının layihələrinə dəstəyi son 10 ildə dəfələrlə artıb. Ancaq dövlətimiz tək gənclər təşkilatlarının layihələrinə maliyyə dəstəyi vermir. Gənclər təşkilatları ilə bərabər istedadlı, yaradıcı fəal gənclərin də layihələrinin dəstəklənməsi üçün 3 il əvvəl Gənclər Fondu yaradılıb. Bu müddət ərzində Gənclər Fondu 1865 layihəyə dəstək verib, dəstəklənən hər üç layihədən biri gənclər təşkilatlarının, hər üç layihədən ikisi yaradıcı gənclərin layihələri olub”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev deyib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra gənclər siyasəti prioritet olub: “Bu gün dünya ölkələri qlobal iqtisadi böhranla üzləşib. Ancaq Azərbaycan dövləti gənclərlə bağlı 2020-ci ilə qədər dövrü əhatə edən strategiya ortaya qoyub. Bu da göstərir ki, dövlət hər zaman gənclərə investisiya qoyur”.