Bakı, 22 oktyabr, AZƏRTAC
Makedoniyanın paytaxtı Skopyedə şahmat üzrə klublararası Avropa kuboku davam edir.
AZƏRTAC xəbər verir ki, Azərbaycanın turnirdə mübarizə aparan hər iki komandası - “SOCAR-Azerbaijan” və “Odlar Yurdu” rəqiblərini məğlub ediblər. İtaliyanın “Obiettivo Risarcimento Padova” komandasına 4:2 hesabı ilə qalib gələn “SOCAR-Azerbaijan” turnirdə ardıcıl dördüncü qələbəsini qazanıb. “Odlar Yurdu” isə Avstriyanın “MPA-Maria Saal” kollektivini 4,5:1,5 hesabı ilə üstələyib.
Hesabında 8 xal olan “SOCAR-Azerbaijan”, “Alkaloid” (Makedoniya) və “Sibir” (Rusiya) komandaları 1-3-cü pillələri bölüşürlər. “Odlar Yurdu” komandası isə 6 xalla altıncı pillədə qərarlaşıb.
Əlli komandanın mübarizə apardığı turnirə oktyabrın 24-də yekun vurulacaq.