Zakir Həsənov: Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcəyik

11:33 29 Dekabr 2014
72 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 dekabr /Trend, müxbir İlkin İzzət/

Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.

Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov “31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü” və “Yeni il” bayramı münasibətilə Silahlı Qüvvələrin şəxsi heyətini təbrik edərkən bildirib.

Silahlı Qüvvələrin zabit, gizir, miçman, çavuş, əsgər və matroslarını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə təbrik edən Müdafiə naziri qeyd edib ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin qətiyyətli və uzaqgörən siyasəti nəticəsində dövlətimizin dayaqları möhkəmlənib, xalqımızın milli şüurunun formalaşmasına nail olunub və dünya azərbaycanlılarının həmrəyliyi təmin edilib.

Z.Həsənovun sözlərinə görə, 2014-cü il xalqımızın, dövlətimizin və Silahlı Qüvvələrimizin həyatında əlamətdar və yaddaqalan uğurlu hadisələrlə zəngin olub: “Silahlı Qüvvələrimizin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında ordunun maddi-texniki bazası daha da möhkəmlənmiş, şəxsi heyətin sosial-məişət problemləri ardıcıl olaraq həllini tapmış, müasir silah və texnika alınmış, yüksək ixtisaslı peşəkar hərbçilər hazırlanmışdır. Şəxsi heyətin döyüş ruhu və mənəvi-psixoloji hazırlığı yüksək səviyyədədir.

Cənab Ali Baş Komandanımızın bu ilin avqust ayının 6-da təmas xəttində döyüşdə fərqlənmiş hərbi qulluqçular qarşısında çıxışı zamanı qeyd etdiyi kimi, Azərbaycan ordusunun peşəkarlığı, döyüş qabiliyyəti artır, əsgər, gizir və zabitlərimiz Vətənə ləyaqətlə xidmət edirlər.

Cəbhədə vəziyyət xeyli gərginləşdiyi vaxtlarda xalqımız növbəti dəfə Azərbaycan əsgərinin fədakarlığının şahidi oldu. İşğalçıların planlaşdırdığı əməliyyatlar qabaqcadan aşkar olundu, onlar canlı qüvvə və döyüş texnikasında xeyli itki verərək geri çəkilməyə məcbur edildi”.

Nazir bəyan edib ki, döyüşlərdə şəhidlər versək də, xalqımız bilməlidir ki, hərbi qulluqçularımızın qisası birə on qat alındı və bundan sonra da alınacaqdır: “Biz düşmənə tarixi torpaqlarımızda rahatlıq verməyəcək və Azərbaycanın ərazi bütövlüyünü bərpa edəcəyik.

Düşmənlə təmas xətti, ölkəmizin həm dəniz, həm də hava məkanı yeni və müasir silahlarla təmin edilmiş Silahlı Qüvvələrimizin daim nəzarəti altındadır. İşğalçıların təxribatlarının qarşısı qətiyyətlə alınır və bundan sonra da alınacaqdır”.

Müdafiə nazirinin bildirib ki, xalq öz ordusuna inanır, ona güvənir və ona arxalanır: “Siz bu etimadı, bu inamı Vətənə, xalqa, dövlətə sədaqətli xidmətinizlə doğrultmalı, ölkəmizin təhlükəsizliyinin, müdafiəsinin keşiyində ayıq-sayıq dayanaraq Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olmalısınız.

Mən bir daha şəhidlərimizin xatirəsini hörmət və ehtiramla yad edir, onların valideynlərini, ailələrini, Vətən uğrunda sağlamlığını itirən döyüşçülərimizi, veteranları, hazırda düşmənlə təmas xəttində, döyüş növbətçiliyində, qarovul xidmətində, sülhməramlı qüvvələrin tərkibində, xarici dövlətlərdəki missiyalarımızda xidmət edən şəxsi heyəti bayramlar münasibətilə təbrik edir, möhkəm cansağlığı, xoşbəxtlik, ailə səadəti və xidmətdə uğurlar arzulayıram.

Yeni 2015-ci il arzularımızın həyata keçməsi ili olsun. Hərbi anda sədaqətə, çətin və şərəfli hərbi xidmətdə fədakarlığa görə hər birinizə minnətdarlığımı bildirirəm!

Bayramınız mübarək!”

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR