Naftalan, 26 oktyabr, Sabir Əliyev, AZƏRTAC
Son illər xarici turistlərin Naftalana olan marağı xeyli artıb. Dövlətimizin başçısının tapşırığına əsasən şəhərdə turizmin inkişafı üçün əlverişli şərait yaradılıb. Məhz bunun nəticəsidir ki, dünyanın bir çox kurort şəhərləri Naftalanla əlaqə qurmağa çalışır.
AZƏRTAC xəbər verir ki, bu barədə Naftalan Şəhər İcra Hakimiyyətində cari ilin doqquz ayının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağında məlumat verilib.
Hesabat məruzəsi ilə çıxış edən şəhər icra hakimiyyətinin başçısı Natiq Aslanov qeyd edib ki, artıq Fransanın Leql, İtaliyanın Pozitano, Rusiyanın Yessentuki, Polşanın Uneyov şəhərləri ilə əməkdaşlıq əlaqələri qurulub. Hazırda şəhərdə 2000 yeri olan 8 istirahət və sağlamlıq mərkəzi fəaliyyət göstərir. Mükəmməl infrastrukturu olan bu mərkəzlərdəki şərait böyük turizm potensialına malik Naftalanda xarici qonaqların yüksək səiyyədə qəbulu üçün geniş imkanlar açır. Həyata keçirilən işlərin nəticəsidir ki, son illər Naftalana müalicəyə və dincəlməyə gələn xarici turistlərin sayı beş dəfə artıb.
Cari ilin doqquz ayında Naftalana istirahət və müalicə üçün Rusiya, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Ukrayna, Latviya, Almaniya, Türkiyə, Kanada, İsrail, Polşa, Fransa, İspaniya, İtaliya, Yaponiya, Çin, Birləşmiş Ərəb Əmirliyi və digər ölkələrdən, ümumilikdə 2200 nəfər xarici turist gəlib. Şəhərə gələn xarici turistlərin sayının artması Naftalanın iqtisadiyyatına da müsbət təsir göstərib.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin imzaladığı Dövlət proqramlarından, fərman və sərəncamlardan irəli gələn vəzifələrin həyata keçirilməsi nəticəsində ölkənin digər bölgələri kimi, Naftalan şəhəri də sosial-iqtisadi inkişaf istiqamətində nəzərəçarpacaq dərəcədə uğurlar qazanıb. Şəhərdə tikinti və quruculuq işləri geniş vüsət alıb. Hesabat dövründə binaların ətrafında abadlıq və yenidənqurma işləri aparılıb. Küçələr, piyada yolları tamamilə yenilənib. Şəhər ərazisindəki köhnə elektrik dayaqları müasir dayaqlarla əvəzlənib. İstirahət parkları salınıb. Yeni salınan parklarda uşaqlar və böyüklər üçün əyləncə məkanları yaradılıb.
Yığıncaqda vurğulanıb ki, Naftalanda abadlıq-quruculuq işləri bu gün də davam etdirilir. Hazırda şəhərin ətraf ərazilərinin abadlaşdırılması üçün kompleks tədbirlər görülür. Yeni avtovağzal kompleksinin tikintisi sürətlə aparılır.
Sonda cari ildə qarşıda duran vəzifələrin həllinə yönəlmiş qərar qəbul edilib.
Naftalana gələn xarici turistlərin sayı beş dəfə artıb
Naftalana gələn xarici turistlərin sayı beş dəfə artıb
Naftalana gələn xarici turistlərin sayı beş dəfə artıb
Naftalana gələn xarici turistlərin sayı beş dəfə artıb