Bakı, 26 oktyabr, Zərəngiz Mansurova, AZƏRTAC
Görkəmli dramaturq Cəfər Cabbarlının ev-muzeyində ədibin poeziyasına həsr olunmuş şeir müsabiqəsi keçirilib.
Ev-muzeyinin direktoru və “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin sədri Qəmər Seyfəddinqızı AZƏRTAC-a bildirib ki, müsabiqə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı, ev-muzeyinin və ictimai birliyin təşkilatçılığı ilə keçirilib.
Bildirilib ki, “Gənc nəslin maariflənməsində klassik ədəbiyyatın rolu, C.Cabbarlının zəngin bədii irsinin öyrənilməsi” layihəsi çərçivəsində həyata keçirilən şeir müsabiqəsində başlıca olaraq gənclər və məktəblilər iştirak edib. Müsabiqənin məqsədi şagirdlərin ədəbiyyata, bədii qiraətə marağının və sevgisinin artırılması, C.Cabbarlı irsinin yeni nəslə tanıdılması olub.
Müsabiqədə Azərbaycan Milli Konservatoriyası nəzdində fəaliyyət göstərən Respublika İncəsənət Gimnaziyasının, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin və Nizami rayonu Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin gənc istedadları iştirak ediblər.
Cəfər Cabbarlının qızı Gülara Cabbarlının sədrlik etdiyi münsiflər heyətinın qərarı ilə birinci yerə Nizami rayonu uşaq Gənclər Yaradıcılıq Mərkəzinin üzvü, 238 saylı məktəbin 8-ci sinif şagirdi Zeynalabdin Bağırzadə və Respublika İncəsənət Gimnaziyasının 11-ci sinif şagirdi Ləman Rəhimli layiq görülüblər. İkinci yeri Murad Həsənxanlı və Aytən Babaşova, üçüncü yeri isə Ofeliya Nəbiyeva və Ülkər Abbaslı qazanıblar.
Qaliblərə “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin Fəxri Fərmanları təqdim olunub.
Tədbirdə böyük dramaturqun həyat və yaradıcılığını əks etdirən sərgi nümayiş etdirilib.