Oktyabrın 28-də futbol üzrə Topaz Premyer Liqasında 10-cu turun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Premyer Liqanın lideri “Qəbələ” öz meydanında AZAL-ı qəbul edəcək. Liderliyini davam etdirmək istəyən qəbələlilər bu qarşılaşmada qalib gəlməyə çalışacaqlar.
“Qəbələ” ilə eyni xalı bölüşən və ikinci pillənin qərarlaşan “Qarabağ” isə Premyer Liqanın autsayderi “Rəvan”ı sınağa çəkəcək. “Azərsun Arena”da baş tutacaq matçda Ağdam təmsilçisi qalib gəlib “Qəbələ” ilə liderlik mübarizəsini davam etdirmək istəyəcək.
Turun mərkəzi qarşılaşması "Baksel Arena"da keçiriləcək. Paytaxt derbisində "Neftçi" və "İnter" üz-üzə gələcək. Flaqman “qara zolaq”dan çıxmağa, “İnter” isə üçüncü pillədəki mövqeyini qorumağa səy göstərəcək.
Ötən tur sensasiyalı şəkildə “Qarabağ”ı məğlub edən “Sumqayıt” səfərdə “Xəzər Lənkəran”ın qonağı olacaq. “Sumqayıt” uğurlu seriyanı davam etdirmək, “ağ-yaşıllar” isə doğma azarkeşlər önündə qalib gəlmək əzmindədir.
Zirədə baş tutacaq oyunda isə turnir cədvəlinin 4-cü və 5-ci pillələrində qərarlaşan “Zirə” ilə “Kəpəz” münasibətlərə aydınlıq gətirəcək.