4-7 dekabr tarixlərində Moskva şəhəri yaxınlığındakı “Golıtsino” Təlim-Metodiki Mərkəzində “XXI yüz ildə nəyi necə öyrənməli və öyrətməli” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib.

“İntel” Korporasiyasının əsas təşkilatçılığı, Rusiyanın “Sərbəst İş” Qeyri-Kommersiya Fondu və “Procekt Harmoni” qurumunun da dəstəyi ilə keçirilən konfransda Rusiya, Ukrayna və Qazaxıstanla yanaşı, Azərbaycandan da nümayəndələr iştirak edib. Beş nəfərlik nümayəndə heyətinə “Mədəd” təşkilatının direktoru Emil Məmmədov, həmin qurumun təhsil layihəsinin rəhbəri Teymur Məmmədov, 204 saylı məktəbin biologiya müəlliməsi Almaz Həsrət, Bakı Kompüter Kollecinin direktoru İradə Səfərova və Azərbaycan İnternet Forumunun (AİF) İdarə Heyətinin üzvü Azər Həsrət daxil olub.

AİF-dən Lent.az-a verilən məlumata görə, tədbirdə “İntel”in bu vaxtadək təhsilin informasiyalaşdırılması ilə bağlı həyata keçirdiyi layihələr, onların effekti və gələcək planlar barədə müzakirələr aparılıb. Tədbirdə “İntel – gələcək üçün təhsil” proqramı çərçivəsində əsasən MDB ölkələrində həyata keçirilən “300 İnteLlektual məktəb” layihəsinə də yekun vurulub və qaliblərə mükafatlar təqdim edilib.

Tədbirdə “İntel” Korporasiyasının təhsillə bağlı MDB ölkələrində görəcəyi işlər haqqında da danışılıb. Elan edilib ki, Azərbaycanda “İntel – gələcək üçün təhsil” proqramını davam etdirməklə bərabər 2009-cu ildən “Bir şagird, bir kompüter” layihəsinin icrasına da başlanılacaq.
Qeyd edək ki, növbəti konfransın gələn ilin aprelində Bakıda keçirilməsi ilə bağlı müzakirələr aparılıb.
Nigar Məmmədli