Komitə sədrindən Qərbə: "yüzlərlə fakt var"

Komitə sədrindən Qərbə: "yüzlərlə fakt var"
13:39 29 Dekabr 2014
121 Ölkə
Ölkə mətbuatı
A- A+

Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir

“Azərbaycanın qərəzli təftişçiləri qismində çıxış edən dövlətlərin müəyyən sahələrdə əldə etməyə müvəffəq olmadığı nailiyyətlər var ki, ölkəmiz onların artıq uğurlu modelini yaradıb”. Lent.az-ın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Mübariz Qurbanlı YAP-ın rəsmi saytına müsahibəsində deyib. Onun sözlərinə görə, multikulturalizm və tolerantlıq sahəsində ABŞ başda olmaqla Qərb dünyası Azərbaycandan çox şeyi öyrənməlidir və ölkələrində bu sahədə mövcud olan neqativ halların həllində istifadə etməlidir.
”Bütün dinlərin təmsilçilərinin azad şəraitdə etiqadı üçün ən mükəmməl təminatın yaradılması, fərqli xalqların, mədəniyyətlərin öz mənəvi dəyərlərini yaşatmaları və təbliği üçün hər cür imkanların formalaşdırılması, respublikamızda heç bir vətəndaşın öz dini və milli mənsubiyyətinə görə təqib edilməməsi, əksinə, onun bütün hüquqlarının tam qorunması Azərbaycan xalqının və dövlətinin malik olduğu bəşəri dəyərlərin ucalığının göstəricisidir”.

Komitə sədri təəssüflə bildirib ki, artıq bütün dünyanı ağuşuna alan dini zəmində düşmənçilik dalğası da məhz yeni dünya düzəninin ikili standartlarının təzahürləri, birqütblü dünyaya transformasiyaının süni şəkildə ortaya atdığı avantüradır. “Açıq etiraf etməliyik, Qərbin məlum dairələrinin "Böyük Orta Şərq layihəsi" deyilən planında radikal islamçı qrupları səhnəyə daha qabarıq çıxarmaq niyyəti aydın görünür. Onların hərbi hazırlığı, silahlandırılması, maliyyələşməsi və istiqamətləndirilməsi prosesində Qərb emissarlarının birbaşa iştirak etməsi barədə yüzlərlə fakt var. Qərbin bu son intriqası nəticəsində "Allahu əkbər" sədası ilə müsəlman müsəlmanı qətlə yetirir. Sünni şiənin məscidini partladır, şiə də sünnilərə eyni cavabı verir, vəhabilər isə hər ikisinin kəndlərini dağıdır. Yəni, bu təriqətlər məhz içlərinə salınmış şeytanın şərinə uyub, məlum şəbəkənin tələsinə düşür və bir-birlərinin qəniminə çevrilirlər. Beləliklə də, yüz minlərlə müsəlman öldürülür, əlil olur, milyonlarla müsəlman isə öz yurdundan didərgin düşür. Və ən dəhşətli məqam odur ki, bu münaqişələrdə qalib gələn heç vaxt nə islam, nə də hansısa təriqətdir, qalib islamı düşmən kimi görənlər və bu təxribatı həyata keçirən şəbəkədir! Acı gerçəklik odur ki, Xaç yürüşləri bu gün də davam edir, amma onu XXI əsrdə müsəlmanı müsəlmana qırdırmaqla həyata keçirirlər!

Bu prosesdə Qərbin strateji mərkəzləri, necə deyərlər, "bir güllə ilə iki dovşan" vururlar. Bir tərəfdən islam dini dünya ictimai rəyində gözdən salınır, digər tərəfdən "idarə olunan xaos" yolu ilə məqsədə nail olunur - ərəb dünyası, Yaxın Şərq qan çanağına çevrilir. Onsuz da ölənlər onlar üçün yadlardır - üzülməyə dəyməz, dağılanlar isə sonradan Qərb şirkətlərinə veriləcək vəsaitlə bərpa olunacaq. Amma ən böyük mənfəət Şimali Afrikadan Cənubi-Şərqi Asiyayadək böyük coğrafi arealın bütün təbii sərvətləri və insan resursları ilə Qərb dünyasının nəzarətinə keçməsidir”.
 

M. Qurbanlının sözlərinə görə, bölgələrdə müxtəlif dinlərə etiqad edən icmalarla görüşlər keçirib: “İslami təriqətlərin nümayəndələri ilə sıx əməkdaşlıq edirik. Onları dinləyirik, problemlərini öyrənirik, çətinliklərini həll edirik, normal fəaliyyət göstərmələri üçün şərait yaradırıq. Müşahidələrim onu deməyə əsas verir ki, həqiqətən də Azərbaycanda dini durumu gərginləşdirmək üçün kənar qüvvələrin təsiri hələ tam kəsilməyib. Bu cəhdlər var. Azərbaycanda da icmalar arasında süni yollarla gərginlik yaratmağa, Yaxın Şərqdəki vəziyyəti ölkəmizə ixrac etməyə məlum şəbəkə tərəfindən təşəbbüslər göstərilir, buna böyük vəsaitlər ayrılır. Ancaq bütün bu cəhdlər uğursuzluğa düçar olur. Əvvəla, ona görə ki, Azərbaycanda düzgün dini siyasət həyata keçirilir. Dövlətlə ruhani kəsim arasında qarşılıqlı anlaşma və etimad mühiti bərqərar olub”.

 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR