Bakı, 3 noyabr, Nihad Budaqov, AZƏRTAC
İzmirin Əliağa rayonunda “Petkim PetroKimya Holding A.Ş.”nin ərazisində inşası davam etdirilən “Star” neft emalı zavodu üzrə işlərin 35 faizi tamamlanıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz məlumat verib. K.Yavuz bildirib ki, bu vaxtadək zavodun inşasına 2,1 milyard dollarlıq sərmayə qoyuluşu həyata keçirilib.
Xatırladaq ki, “Star” neft emalı zavodunun təməli 2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən qoyulub. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən böyük aktivi olan “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.
