Bakı, 11 noyabr, AZƏRTAC
Azərbaycan Respublikasının Efiopiya Federal Demokratik Respublikasındakı səfiri Elman Abdullayev Efiopiya Federasiyasının yeni seçilmiş sədri Yale Abate Reta və Xalq Nümayəndələr Palatasının sədri Abadula Gemeda ilə görüşüb.
Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, E.Abdullayev yeni vəzifələrə seçilmələri münasibətilə həmsöhbətlərini təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.
Y.A.Reta və A.Gemeda Azərbaycan və Efiopiya arasındakı münasibətlərin əhəmiyyətini vurğulayıb, bu əlaqələrin daha da inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Görüşdə Efiopiyanın Xalq Nümayəndələr Palatasının sədri A.Gemeda 2013-cü ildə Azərbaycana səfər etdiyini xatırladıb, ölkəmizdə sürətli inkişafın, sabitliyin və yüksək tolerantlığın şahidi olduğunu söyləyib. Bütün bu nailiyyətlərin Azərbaycan rəhbərliyinin uzaqgörən və düşünülmüş siyasəti və qəti iradəsi nəticəsində əldə olunduğunu vurğulayıb. O, Azərbaycan hökumətinin ölkə miqyasında və regional səviyyədə inkişafın əldə edilməsində ardıcıl səylərinin təqdirəlayiq olduğunu diqqətə çatdırıb.
Görüşdə Azərbaycan və Efiopiya arasında parlamentlərarası əlaqələrin gücləndirilməsi üçün qarşılıqlı səfərlərin həyata keçirilməsinin vacibliyi vurğulanıb.