Gənclər Fondunun sektor müdiri: “Fərdi şəkildə təklif olunan layihələrə üstünlük veririk”

Gənclər Fondunun sektor müdiri: “Fərdi şəkildə təklif olunan layihələrə üstünlük veririk”
19:49 12 Noyabr 2015
22 Sosial
Ölkə mətbuatı
A- A+

“Gənclər təşəbbüskardırlar. Maraqlı layihələr təklif edən, bu layihələrin fond tərəfindən maliyyələşdirilməsini istəyən gənclər çoxdur. Bu, təbii haldır. Gənclərin yaradıcı olması cəmiyyətə, dövlətə xeyirlidir”. Bu fikirləri APA TV-nin “Səhər zəngi” verilişində qonaq olan Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Strateji planlaşdırma və beynəlxalq əlaqələr sektorunun müdiri Orxan Ərəbov deyib.

 

Qonaq bildirib ki, fond yaradılmadan öncə də gənclər fəal idilər: “Fondun yaradılması da buna təkan verdi. Fondun gənclərlə işləmə mexanizmi günü-gündən optimallaşdırılır. Məqsədimiz daha çox gənci layihələrimizə cəlb etməkdir”.

 

O. Ərəbov layihələrin icra prosesi, eyni zamanda fondun bu prosesdə nə dərəcədə iştirak etməsi barədə məlumat verib: “Bu günə qədər fond tərəfindən 2333 layihə maliyyələşdirilib. Ümumilikdə, 13 milyon 500 min AZN vəsait xərclənib. Müşahidələrimiz göstərir ki, hər layihə rəhbərinin özünün işçi qrupu olur. İcra prosesində fond məsafəli davranır. Demək olar ki, heç bir müdaxilə olunmur. Yalnız nəzarət və müşahidə olunur ki, icra prosesi plana uyğun həyata keçirilməsi təmin olunsun. Təcrübəsiz gənclərə tövsiyələr verilir. Faiz hesabı ilə həyata keçirilən layihələrin əksəriyyəti fərdi gənclərin və tələbələrin payına düşür”.

 

Sektor müdiri hər layihəyə daha çox gəncin cəlb edildiyini xüsusi vurğulayıb: “Təcrübə göstərir ki, layihələrin icra prosesində iştirak edən işçi qrupun üzvləri sonradan özləri də fonda müraciət edir və layihə təqdim edirlər. Bu da həmin layihələrin icrasına yeni gəncləri cəlb etmək deməkdir. Nəticədə daha çox Azərbaycan gənci məlumatlı olur və layihə həyata keçirə bilir”.  

 

Verilişin digər qonağı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun Layihələr və regionlarla iş sektorunun müdiri Vaqif Seyidbəyov bölgələrdə yaşayan gənclərə maksimum dərəcədə şərait yaratmağa çalışdıqlarını bildirib: “Fond yaradılan gündən prioritet istiqamətlərdən biri regionlarda yaşayan gənclərin fəallığını artırmaq, gənclər siyasətinə qoşulmaları üçün münbit şərait yaratmaqdır. Bu səbəbdən də 1-ci qrant müsabiqəsindən etibarən regionlardan təklif olunan layihələrə üstünlük verib. Bu günə qədər biz 7 qrant müsabiqəsi keçirmişik. Sonuncu müsabiqədə qalib gələn layihələri həyata keçirilməkdədir. Regionlarda mütəmadi olaraq təqdimatlar keçirilir. Hər müsabiqə elan olunanda əməkdaşlarımız regionlara səfər edirlər. Layihələrin qəbulu onlayn şəkildə həyata keçirilir. Amma bu görüşlərdə biz gənclərlə təmasda oluruq, onlara əməkdaşlıq prinsipləri barədə məlumat veririk. Bu günə qədər təklif olunan layihələrin 60-65 faizi regionların payına düşür”.

 

Vaqif Seyidbəyov qeyd edib ki, fond regionları da əhatə edən layihələrin maliyyələşdirilməsinə üstünlük verir: “Biz həm ayrı-ayrı gənclərlə, eyni zamanda gənclər təşkilatları ilə işləyirik. Yəni, fond fərdi şəkildə gənclərə də qrant ayıra bilir. Bir çox ölkələrdə belə bir imkan yoxdur ki, bilavasitə fərdi vətəndaşın hesabına qrant köçürülsün. Bu gün fərdi şəkildə təklif olunan layihələrə üstünlük veririk. Çünki bu layihələr regionlarda həyata keçirilir və bir fərdin layihəsi olsa da, böyük çevrəni əhatə edə bilir. Gələcəkdə bu sahəni daha gücləndirməyi düşünürük. Bir qədər mövzuları dəyişdirməyi fikirləşirik. Hər qrant müsabiqəsində mövzular dəyişir. Növbəti dəfə də prioritet mövzulara yer verəcəyik. Əksər rayonlardan müraciətlər olur. Gəncə, Lənkəran, Şəki, Sumqayıtdan daha çox layihə təklif olunur. Düşünürəm ki, digər regionlardan da təkliflərin sayı çoxalacaq”. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/221359

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR