Gələn həftə Azərbaycan Demokrat Partiyası ilə Ümid Partiyası arasında "Qarabağ" siyasi blokunun gələcək fəaliyyətinə dair müzakirələr aparılacaq. Bunu Trend-ə "Qarabağ" blokunda təmsil olunan Ümid Partiyasının sədri İqbal Ağazadə deyib.
İ.Ağazadə bildirib ki, müzakirələrdən sonra blokun fəaliyyətini davam etdirib-etdirməməsi ilə bağlı qərar veriləcək: "Hər halda blokun fəaliyyətinin davam etdirib-etdirməməsi təkcə bizim partiyanın qərarından asılı deyil. ADP sədri Sərdar Cəlaloğlu ilə məsləhətləşəcəyik. Lazım bilinsə, blok fəaliyyətini davam etdirəcək, bilinməsə - yox".
İ.Ağazadə qeyd edib ki, "Qarabağ" bloku fəaliyyətini dayandıracağı halda da, Ümid Partiyası ilə ADP arasında münasibətlər davam etdiriləcək: "ADP ilə bizim isti münasibətlərimiz var. Blok şəklində olmasa da, iki partiya olaraq əməkdaşlığımızı davam etdirəcəyik".
Qeyd edək ki, "Qarabağ" blokunda Ümid Partiyası və ADP təmsil olunur. Milli Məclisə noyabrın 1-də keçirilən seçkilərdən öncə hər iki partiya seçkilərə ayrı-ayrılıqda getmək barədə qərar verdiyi üçün blok fəaliyyətini dayandırmışdı.
Milli.Az