Azərbaycanda zərgərlik məmulatlarına aksiz dərəcələri tətbiqi edilə bilər

Azərbaycanda zərgərlik məmulatlarına aksiz dərəcələri tətbiqi edilə bilər
17:09 29 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

 Azərbaycana idxal olunan platin, qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın aksizli malların siyahısına aid edilməsi təklif olunur.

 

APA-Economics”in məlumatına görə, vergilər nazirinin müavini Natiq Əmirov Milli Məclisin iqtisadi siyasət komitəsinin iclasında deyib ki, bu məqsədlə Vergilər Məcəlləsinə dəyişikliyin edilməsi ilə bağlı qanun layihəsi hazırlanıb.

 

Onun sözlərinə görə, sənəddə həmin mallar üzrə aksiz dərəcələrinin müəyyən edilməsi ilə bağlı müddəalar da yer alıb. 

 

Dəyişikliklər qəbul olunsa, idxal olunan platinin hər qramına görə aksiz dərəcəsi 2 manat təşkil edəcək. Qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının aksiz dərəcəsi min çəki vahidindəki miqdarına görə müəyyənləşəcək. Belə ki, qızılın min çəki vahidindəki miqdarı 375 olduqda aksiz dərəcəsi hər qrama görə 0,8 manat, 500 olduqda hər qrama görə 1 manat, 585 olduqda hər qrama görə 1,2 manat, 750 olduqda hər qrama görə 1,5 manat, 958 olduqda hər qrama görə 1,8 manat, 999 olduqda hər qrama görə 2 manat olacaq. Bundan başqa, idxal olunan emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş almazın 1 karatı üçün aksiz dərəcəsi 200 manat olmaqla iki cür hesablanacaq. Əgər idxal olunan almazın bir ədədinin miqdarı 1 karatdan aşağıdırsa, aksizin məbləği almazın karatının miqdarına mütənasib olaraq azaldılacaq. Almazın bir ədədinin miqdarı 1 karatdan yuxarı olsa, aksiz məbləği aksiz dərəcəsi ilə almazın faktiki miqdarının hasilinə aşağıdakı əmsallar tətbiq edilməklə hesablanacaq:

 

- 1 karatdan 2 karatadək olduqda - 2,0

- 2 karatdan 3 karatadək olduqda - 3,0

- 3 karatdan 4 karatadək olduqda - 4,0

- 4 karatdan 5 karatadək olduqda - 5,0

Karat 5-dən yuxarı olduqda - 10,0

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR