Bakı, 16 noyabr, AZƏRTAC
Yaxın günlərdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni tamaşanın məşqlərinə start veriləcək. Yaradıcılıq işlərinə başlanılacaq növbəti səhnə əsəri Yeni il üçün nəzərdə tutulub.
Teatrın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hər il olduğu kimi bu dəfə də teatr öz azyaşlı tamaşaçılarını və məktəbli dostlarını əyləncəli, hədiyyə və sürprizlərlə dolu maraqlı Yeni il şousu və tamaşası ilə qarşılayacaq. Əməkdar Artist Nicat Kazımovun quruluşunda təqdim olunacaq “Mauqlinin yeni ili” adlı tamaşa rəngarəng geyimləri, musiqisi və səhnə tərtibatı ilə azyaşlı tamaşaçılarımızın yeni il tətilinə əvəzolunmaz hədiyyə olacaq.
Tamaşa dekabrın 25-dən yanvarın 4-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək. Bundan başqa, hər il olduğu kimi şənlik iştirakçılarını Şaxta baba və Qar qız qarşılayaraq onları teatrın Yeni il bayramı üçün bəzədilmiş geniş və yaraşıqlı foyesində digər nağıl qəhrəmanlarının iştirakı ilə xüsusi olaraq hazırlanmış proqrama dəvət edəcəklər.
Maraqlı auksionlar, hədiyyəli oyunların ardınca balaca tamaşaçılar teatrın salonunda “Mauqlinin yeni ili”ni izləyəcəklər.