Tokio, 19 noyabr, AZƏRTAC.
Yaponiyanın Baş naziri Şinzo Abe noyabrın 19-da Filippində Asiya-Sakit okean Əməkdaşlığı (ASİƏ) sammiti çərçivəsində ABŞ Prezidenti Barak Obama ilə görüşərək terrorizmə qarşı mübarizədə əməkdaşlıq məsələlərini müzakirə edəcək.
Kyodo informasiya agentliyinin yaydığı məlumata əsasən, tərəflər Fransada baş vermiş terror aktlarından sonra Tokio və Vaşinqtonun rəsmi Parislə və beynəlxalq ictimaiyyətin digər üzvləri ilə terrorizmə qarşı mübarizədə birgə fəaliyyətin genişləndirilməsini müzakirə etmək niyyətindədirlər.
Bununla bərabər, Şinzo Abenin Barak Obama ilə regionda Çin, Filippin, Vyetnam, Malayziya, Bruney və Tayvan arasında artan ərazi mübahisələri fonunda Çinin Cənubi Çin dənizində apardığı torpaq tökmə işlərini müzakirə edəcəyi də gözlənilir.
2011-ci ilin iyulunda Çinin Xarici İşlər Nazirliyi və ASEAN ölkələri Cənubi Çin dənizində davranış Kodeksinin əsas prinsiplərini təsdiq ediblər. Həmin Kodeks yarana biləcək mübahisələr zamanı gücdən istifadəni inkar edir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio