Bakı, 19 noyabr, AZƏRTAC
“Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi “Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” layihəsinin icrasının birinci mərhələsində Salyanda tədbir keçirib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Salyan Rayon İcra Hakimiyyəti başçısının müavini Rəşad Cəbrayılov gənclərdə vətəndaşlıq məsuliyyəti hissinin gücləndirilməsində belə layihələrin əhəmiyyətini vurğulayıb.
Sonra çıxış edən Yəhya Babanlı rəhbəri olduğu layihə barədə məlumat verib. Prezident İlham Əliyevin gənclərə diqqət və qayğısından, “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın əhəmiyyətindən danışan Y.Babanlı dövlət gənclər siyasətinin ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi strategiya əsasında həyata keçirildiyini bildirib.
Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Elvin Əliyev “Vətəndaşlıq: mənsubiyyət və məsuliyyət” mövzusunun aktuallığı barədə söhbət açıb. O, layihənin gənclərə vətənpərvərlik hissinin aşılanması, milli mənəvi dəyərlərimizin, tarixi-mədəni sərvətlərimizin qorunması baxımından əhəmiyyətini qeyd edib.
Digər çıxışçılarda da belə layihələrin gənclərdə vətəndaşlıq mövqeyinin formalaşmasında, onların Azərbaycanın hərtərəfli inkişafı və çiçəklənməsi naminə həmrəy olmalarında mühüm rol oynadığı qeyd edilib.
Sonda fəal gənclərə sertifikatlar təqdim olunub.
Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşdırılan layihənin digər rayonlarda da icrası nəzərdə tutulub.
