Bakı, 19 noyabr, AZƏRTAC
Yeni Azərbaycan Partiyasının (YAP) fəaliyyətini əks etdirən sənədli filmin təqdimatı keçirilib. YAP-ın yaradılmasının 23-cü ildönümünə həsr olunan film Azərbaycan Universiteti və “Səs” qəzetinin birgə tədbirində nümayiş etdirilib.
Filmin nümayişindən sonra universitetin rektoru Fərid Əhmədov 1992-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən YAP-ın yaradılması ilə Azərbaycanın siyasi tarixində yeni bir səhifə açıldığını bildirib: “Müstəqilliyin bərpasının ardından Azərbaycanın əldə etdiyi bütün uğurlarda xalqımızın böyük oğlu Heydər Əliyev və Yeni Azərbaycan Partiyasının imzası var”.
Partiyalar ilə xalq arasında səmərəli ünsiyyətin qurulmasının vacibliyini diqqətə çatdıran rektor vurğulayıb ki, YAP və onun sədri, Azərbaycan Respublikasının Prezidenti, Ümummilli Liderin ideyalarının daşıyıcısı İlham Əliyev bu ünsiyyəti ən səmərəli şəkildə qurub. Bu gün ölkənin siyasi məkanında YAP rəqibsiz və alternativsizdir. Son parlament seçkilərinin nəticələri də bunu sübut edir.
Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov YAP-ın ölkədəki mürəkkəb ictimai-siyasi şəraitin doğurduğu zərurətdən yarandığını bildirib. Ölkənin ciddi sınaqlara məruz qaldığı bir dövrdə 550 nəfərlə təsis edilən Yeni Azərbaycan Partiyası bu gün 650 mindən çox üzvü öz ətrafında birləşdirən böyük bir orduya çevrilib.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu YAP-ın 1990-cı illərin əvvəllərində yaşanan siyasi kataklizmlərin səbəb olduğu siyasi və ideoloji boşluğu dolduran, Ulu Öndərin ideyalarının daşıyıcısı olan siyasi təşkilatlanma kimi ortaya çıxdığını deyib. Partiyanın politologiya elminin tarixində yenilik yaratdığını qeyd edən Hikmət Babaoğlu bunu təsisdən 6 ay sonra hakimiyyətə gəliş və hakimiyyətin uzunmüddətli qorunub saxlanması ilə izah edib.
YAP Gənclər Birliyinin sədri Seymur Orucov partiyanın üzvlərinin 45 faizdən çoxunun gənc olduğunu diqqətə çatdırıb, gənclərin inkişafı üçün yaradılan imkanlardan söhbət açıb.
“SƏS” media qrupunun rəhbəri Bəhruz Quliyev qeyd edib ki, sağlam ideya ətrafında sağlam düşüncəli insanları birləşdirən Yeni Azərbaycan Partiyası təkcə bölgənin deyil, Şərqin də ən böyük siyasi təşkilatlanmalarından biridir. YAP gəncləri bu gün ölkənin aparıcı qüvvəsidir və partiya gənclərlə bağlı layihələri həm dəstəkləyir, həm də icra olunmasına xüsusi əhəmiyyət verir. Yeni Azərbaycan Partiyası xüsusən son proqramında gənclərə daha çox yer verməsi ilə də fərqlənir.