İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilən şahmat üzrə Komandalararası Avropa çempionatı başa çatıb.

Ümumilikdə çempionatda birincilik uğurunda 66 komanda mübarizə aparıb. Avropa Çempionatının yekun turunda kişilərdən ibarət milli komandamız Almaniya seçməsi ilə sülh bağlayıb. Teymur Rəcəbov və Rauf Məmmədov rəqibləri ilə xalları yarı bölüb. Şəhriyar Məmmədyarov Liviu-Dieter Nisipeanu üzərində qələbə qazansa da, Eltac Səfərli bu turda məğlub olub.

Yekunda kişilərdən ibarət komandamız Avropa çempionatını 11 xalla 7-ci yerdə başa vurub.

Qadınlardan ibarət yığmamız isə sonuncu turda İngiltərə millisinə 3.5:0.5 hesabı ilə qalib gəlib. Gülnar Məmmədova, Nərmin Kazımovanın və Ülviyyə Fətəliyeva rəqiblərini təslim etməyə müvəffəq olublar. Zeynəb Məmmədyarova isə xalları yarı bölüb.

Beləliklə, qadınlardan ibarət milli komandamız 9 xal toplayaraq turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb.

Çempion adını isə həm kişi, həm də qadınların yarışında Rusiya komandası qazanıb.