Cahangir Hüseynov: "Biz öz tariximizi unuda bilmərik"

Sabiq millət vəkili, hüquq elmləri üzrə fəlsəfə doktoru, professor Cahangir Hüseynovun "Azərbaycan Nadir Əfşar dövləti" kitabı Türkiyə türkcəsində işıq üzü görüb. Cumhur Turan tərəfindən Türkiyə türkcəsinə uyğunlaşdırılan kitabda müəllif şərqin sonuncu fatehi Nadir şah Əfşarın həyatından, Azərbaycanın və İranın böyük bir hissəsini işğal etmiş osmanlılara və əfqanlara qarşı apardığı mübarizədən bəhs edir.

Cahagir Hacıyev kitabda Nadir şahın şəxsi həyatı, dövlət adamı olaraq həyata keçirdiyi daxili və xarici siyasəti, sərkərdəlik məharəti, ordu quruculuğu və s. barədə oxucuları ətraflı məlumatlandırır. Nadir şahın Azərbaycan Milli Elmlər Akademiyasının Əlyazmalar İnstitutunda qorunan 28 məktubu, eləcə də İstanbul dövlət arxivində saxlanılan 18 məktubu da kitabın "Diplomatik yazışmalar" bölməsində yer alıb. Kitab barədə fikirlərini bölüşən Cahangir Hüseynov bildirib ki, əsər 2014-cü ildə Azərbaycanda "Azərbaycan Nadir Əfşar dövləti" adı ilə çap edilib. Müəllif qeyd edib ki, kitab Əfşar İmperiyasının 280 və Nadir şahın 325 illiyi ilə bağlı işıq üzü görüb:

"Məlum olduğu kimi Nadir şahın 325 illiyi keçən il tamam oldu. Mən də bu kitabı onların xatirəsinə ithaf etmişdim. Böyük Əfşar İmperiyasının 280 illiyi gələn il tamam olur. Bununla əlaqədar sözügedən kitabı Türkiyədə tərcümə etdirdim. Bu müddət ərzində isə akademik Ramiz Mehdiyevin Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda olan "Nadir şahın diplomatik yazışmaları" adlı əsəri də çap olundu. Həmçinin Türkiyədəki İstanbul Baş Arxivlər İdarəsində "I Mahmud və Nadir şah" məktublaşmaları monoqrafiyaları çap olunmuşdu. Oradakı tarixi sənədləri də öz kitabıma əlavə edib İstanbulda çap etdirdim".

Cahangir Hüseynov deyib ki, Əfşar İmperiyası Azərbaycan tarixinin ən möhtəşəm dövrüdür: "O dövrdə bu imperiyanın ərazisi 5,5 milyon kvadrat kilometr ərazini əhatə etmiş və dünyanın ən böyük imperiyalarından biri olmuşdu. Çox təssüflər olsun ki, Azərbaycan tarixində bu imperiyanın tarixi o qədər də öyrənilməyib və Nadir şahın şəxsiyyətinə hər zaman kölgə salıblar. Bu da Çar Rusiyasının qısqanclığından irəli gəlmişdi. İndi isə artıq müstəqillik dövründəyik. Hesab edirəm, Azərbaycan öz tarixini nəinki öz əhalisi, eləcə də bütün dünyaya tanıtmalıdır. Belə bir missiyanı da qarşıma qoydum və artıq kitab çap edilib. Türkiyədəki yayım evləri kitabın yayımını həyata keçirirlər. Çalışacam ki, Azəbaycanda da həmin imperiya ilə bağlı tarixçilərimiz öz əsərlərini, məqalələrini yazıb ortaya çıxarsınlar".

Cahangir Hüseynov kitabın digər dillərə də tərcüməsinin nəzərdə tutulduğunu deyib: "Qarşıma məqsəd qoymuşam ki, gələcəkdə bunu həm rus, həm də ingilis dilində tərcümə etdirək. Ümumiyyətlə, Nadir şahın şəxsiyyəti, demək olar ki, ingilis, rus, alman, fransız, holland, hind, dünyanın əksər ölkələrində öz dövründə və ondan sonra da öyrənilib. O, böyük bir şəxsiyyət olub. Nadir şah barəsində İngiltərə, Çikaqo, Hollandiya, Fransa, Moskvada, ümumiyyətlə, dünyanın əksər ölkələrində tarixçilər, şərqşünaslar tərəfindən böyük məqalələr, əsərlər yazılıb. Təssüflər olsun ki, Azərbaycan dilində bu kimi əsərlər azdır. Yalnız Yunus Oğuzun "Nadir şah" romanı, eləcə də Mehman Süleymanovun Tehranda "Nadir şah" adında çap etdirdiyi tarixi əsəri göstərmək olar. Bir də mənim qələmə aldığım və keçən il çap olunmuş "Azərbaycan Nadir Əfşar dövləti" adlı əsərimdir. Gec də olsa, biz öz tariximizi unuda bilmərik. Çalışmalıyıq ki, bu tarixi həm öz millətimiz, həm də dünyaya az da olsa tanıda bilək".

Sabiq millət vəkilinin sözlərinə görə, bu kimi tarixi əsərlərin işıq üzü görməsi gənclərimizin tarixi şəxsiyyətlərimiz barədə maarifləndirilməsinə öz müsbət töhfəsini verir: "Hər bir Azərbaycan vətəndaşı vətənpərvərlik hissi ilə böyüməlidir. Yəni vətənini sevmək, onun tarixini bilmək vacibdir. Bu birinci növbədə orta məktəblərdən başlamalıdır. Biz az da olsa geciksək də, Təhsil Nazirliyi tərəfindən belə tədbirlər keçirilməlidir. Nəinki Nadir şah, Şah İsmayıl, Şah Abbası, Babəki dərindən öyrənmək lazımdır. Azəbaycanda bir müddət əvvəl Babəkin şəxsiyyətinə kölgə salan məqalələr dərc edildi. O zaman mən "OLAYLAR" və bir sıra digər qəzetlərdə bununla bağlı çıxışlar etdim. Ona görə də biz Azərbaycanın bütün tarixi şəxsiyyətləri, ümummilli lider Heydər Əliyev, Məmməd Əmin Rəsulzadə, Nəriman Nərimanov - bir sözlə, bütün tarixi şəxsiyyətlərimizi həm tarixçilər, həm də Azərbaycan gəncləri bilməlidir. Mən kitabın hazırlanması ərəfəsində bir müddət Türkiyədə yaşadım və valeh oldum ki, hər bir türk vətəndaşı öz xalqının tarixi, onun şəxsiyyətlərini nə qədər vətənpərvərliklə sevirlər. Təbii ki, bunları da biz öz ölkəmizdə aşılamalıyıq və gələcək nəsil də bu ruhda tərbiyə olunmalıdır. Bu gələcəkdə Azərbaycanın şanı, şöhrəti, bugünkü qüdrətimizi daha da artırar. Bu gün bizim xain qonşularımız tariximizə kölgə salırlar. Əzəli Azərbaycan torpaqlarımızı qəsb edib dünyaya bəyan edirlər ki, həmin torpaqlar guya ermənilərin olub. Mən əsərimdə də qeyd etmişəm ki, nəinki indiki Ermənistanın, eləcə də Gürcüstan, Şimali Qafqaz, İran, Türkiyənin Anadolu hissəsi, İraq, Suriya, Fars Körfəzi ətrafında olan Bəhreyn, Qətər dövlətlərinin, Pakistan, Əfqanıstan, Hindistanın Qərb hissəsini əhatə etməklə böyük bir imperiya olub ki, həmin imperiya da türk oğlu Nadir tərəfindən yaradılıb. Çox təssüflər olsun ki, bunları gənclərimiz, eləcə də bütün Azərbaycan insanları çox az bilirlər". Cahangir Hüseynov sonda onu da bildirib ki, hazırda yeni bir əsər üzərində işləyir.

Olaylar.az