Bakı, 24 noyabr, AZƏRTAC
Küveyt kütləvi informasiya vasitələrində Bakı şəhərində keçirilən İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) 12-ci Baş Konfransı və İcraiyyə Şurasının 35-ci iclası barədə məlumatlar yayılıb.
Azərbaycanın Küveyt Dövlətindəki səfirliyindən AZƏRTAC-a bildiriblər ki, UNESCO üzrə Küveyt Milli Komissiyasının baş katibi Əhməd Əl-Enezinin “KUNA” xəbərlər agentliyinə verdiyi məlumatda konfrans iştirakçılarına yüksək qonaqpərvərliyin göstərildiyi, iclasın yüksək səviyyədə keçirildiyi bildirilib. Baş Konfransda ISESCO-nun qazandığı uğurlardan və qarşıda duran vəzifələrdən bəhs olunacağı, təşkilatın ötən üç il üçün fəaliyyətinə dair baş direktorun hazırladığı hesabatın müzakirə ediləcəyi və 2016-2018-ci illər üçün fəaliyyət planının təsdiqlənəcəyi barədə xəbər verilib.
ISESCO-nun Baş Konfransı və iclası barədə Küveytdə ərəb dilində gündəlik nəşr olunan və böyük oxucu kütləsinə malik “Əl-Siyəsə”, “Əl-Ənbə” və “Əl-Qabas” qəzetlərində də məlumatlar dərc olunub.