Azərbaycanda İSESKO xətti ilə keçirilən irimiqyaslı tədbirlərin bu istiqamətdə xüsusi önəm kəsb etdiyini bildirən QMİ sədri əl-Tüveycrinin Azərbaycana hər gəlişində A.Paşazadə ilə görüşməsini yüksək dəyərləndirib. Azərbaycandakı tolerantlığın xalqımız üçün həyat norması olduğunu bildirən şeyxülislam ölkəmizdə dini-mənəvi həyatın dirçəldilməsi istiqamətində görülən işlər, dini irsə dövlət səviyyəsində diqqət və qayğı barədə məmnunluqla danışıb. Şeyxülislam bildirib ki, Azərbaycan islam dünyasının ayrılmaz tərkib hissəsidir və dinimizin dəyərlərinə və ümumbəşəri multikulturalizm ideyalarına hər zaman böyük ehtiram və qayğı ilə yanaşan dünyəvi dövlət modeli kimi təqdirəlayiq nümunədir.
QMİ sədri İSESKO-nun Bakıda keçirilən ali tədbirinin işinə öz xeyir-dualarını çatdırıb.
Səmimi qardaşlıq görüşünə görə təşəkkürünü bildirən İSESCO-nun baş direktoru Əbdüləziz Osman əl-Tuveycri şeyxülislam A.Paşazadənin islam dünyasında nüfuzlu şəxsiyyət kimi dəyərləndirdiyini deyib. Azərbaycanda dövlət-din münasibətlərinin səviyyəsinin, dini-mənəvi irsə nümunəvi münasibətin İSESKO tərəfindən hər zaman məmnunluqla qarşılandığını qeyd edən əl-Tüveycri ölkəmizin islami dəyərlərə və multikulturalizm ideyalarına sadiqliyinin və bunun dövlət səviyyəsində dəstəklənməsinin xüsusi rəğbətə layiq olduğunu vurğulayıb.
Görüşdə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də iştirak edib.
Görüş xatirə hədiyyələrinin təqdim olunması və şam süfrəsi ilə başa çatıb.