Bakı, 28 noyabr, AZƏRTAC
Yaponiyanın “NTT DOCOMO” mobil rabitə operatoru İsveçin "Ericsson” şirkətinin yeni “5G Radio Prototypes” məhsullarının köməyi ilə beşinci nəsil rabitə texnologiyasının (5G) ilk sınaqlarına başlayacaq.
AZƏRTAC "cnews.ru” saytına istinadla xəbər verir ki, “5G Radio Prototypes” hazırda ABŞ, Yaponiya, Koreya Respublikası və İsveçin operator şəbəkələrində “5G” texnologiyalarının sınaqları üçün tətbiq edilən "Ericsson 5G Radio Test Bed” sınaq sistemlərini əvəz edəcək. “Ericsson 5G Radio Prototypes” hazırlanan zaman sınaq sistemindən istifadə təcrübəsi nəzərə alınıb. Belə ki, yeni məhsullar daha çox gücə malik olmaqla kiçik ölçülüdür.
“5G” sistemlərinin 2020-ci ildə istifadəyə verilməsi, 2016-cı ildə isə kommersiya şəbəkələrində sınaqlarına başlanılması nəzərdə tutulur. Beşinci nəsil rabitə şəbəkəsinin bütün mobil şəbəkəyə təsir göstərəcəyi bildirilir. Bu səbəbdən operatorlar yeni texnologiyaların laboratoriya sınaqları ilə kifayətlənməyərək hazırda fəaliyyət göstərən şəbəkələrdə sınaqlara böyük diqqət yetirirlər.