Dini dözümlülük və tolerantlıq Azərbaycan milli kimliyinin ayrılmaz hissəsidir

01:58 3 Dekabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+


Paris, 3 dekabr, AZƏRTAC
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü və qadınlara qarşı zorakılıqla mübarizə üzrə Avropa Şurasının baş məruzəçisi Sahibə Qafarova dekabrın 2-də Parisdə təşkilatın bərabərlik və qeyri-diskriminasiya komitəsinin iclasında iştirak edib.
Komitə iclasının gündəliyinə Avropada antisemitizmə qarşı mübarizə, qadınlara qarşı zorakılığın önlənməsi və dini azlıqlara məxsus uşaqların və valideynlərin hüquqlarının müdafiəsi məsələləri daxil edilmişdi.
İclasda dini dözümlülüyün və tolerantlığın Azərbaycan milli kimliyinin ayrılmaz hissəsi olduğunu vurğulayan Sahibə Qafarova ölkəmizdə yaşayan yəhudi icması haqqında məlumat verərək onlara yaradılmış bərabər hüquqlardan danışıb.
Sahibə Qafarova Azərbaycanda heç vaxt antisemit meyllər olmadığını diqqətə çatdırıb.
Azərbaycanın müxtəlif etnosların və millətlərin, fərqli dinlərə sitayiş edən insanların tarixən dostluq və qardaşlıq şəraitində yaşadığı tolerant ölkə olduğu bildirilərək, ayrı-ayrı etiqad və inanclara malik etnosların min illərlə əmin-amanlıq şəraitində yaşamasında, etnik mədəni müxtəlifliyin günümüzədək qorunub saxlanmasında Azərbaycan xalqına xas olan humanizm və çoxmillətlilik dəyərlərinin müstəsna rolu vurğulanıb.
İclasın sədri Gülsün Bilgehan komitənin fəaliyyətinin işıqlandırılmasında və ictimaiyyətə çatdırılmasında medianın rolunun vacibliyinə toxunaraq, Sahibə Qafarovanın Sofiyada AŞPA-nın daimi komitəsinin iclasında qəbul olunan “Qadınlara qarşı zorakılığın aradan qaldırılması üçün ən yaxşı təcrübələrin yayılması” adlı məruzəsinin türk qəzetlərində dərc olunmasından danışıb və azərbaycanlı deputatı uğurlarına görə təbrik edib.
Sahibə Qafarova Avropa Şurasının qadınlara qarşı zorakılığın və ailədaxili şiddətin önlənməsi və ona qarşı mübarizə üzrə Konvensiyanın (İstanbul Konvensiyası) qüvvəyə minməsindən sonra bu sahədə ciddi uğurların əldə olunmasına baxmayaraq, hələ də narahatlıqların mövcudluğunu diqqətə çatdırıb.
Sahibə Qafarova Milli Məclisdə yeni komitələrin sırasında ailə, qadın və uşaq məsələləri komitəsinin yarandığını qeyd edərək, onun gender məsələlərinin həllinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib. O, Milli Məclisdə qadın deputatların sayının artaraq 21-ə çatdığını bildirib.
Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Paris

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Dini_dozumluluk_ve_tolerantliq_Azerbaycan_milli_kimliyinin_ayrilmaz_hissesidir-907742

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR