Yeni İli harada qarşılayaq - Bakıda, bölgələrdə, yoxsa xarici ölkədə? - REPORTAJ

Yeni İli harada qarşılayaq - Bakıda, bölgələrdə, yoxsa xarici ölkədə? - REPORTAJ
15:34 5 Dekabr 2015
66 Sosial
Ölkə mətbuatı
A- A+

İnsanlar ilin bütün fəsillərində səyahət edir, turizm bölgələrini gəzir və dincəlməyə çalışır. Qış aylarında təbiətin gözəlliyini seyr etmək hər kəsə xoş gəlir. Nəzərə alsaq ki, qarşıdan yeni il gəlir mövzunun aktuallığı bir az da artır. Bəs görəsən şəhər sakinləri yeni ili harda qarşılamağı düşünür. Təbii ki, bu zaman həm qiymət amili, həm də keyfiyyətli xidmət yenə də ön plana keçir.

 

 - İstirahəti  öz rayonumuzda Tərtərdə keçirəcəyəm. Ailə ilə keçirmək daha yaxşıdır.

 

- Öz vətənimdə. Bahadır, ucuzdur, hər nədir, öz vətənimdə yaxşıdır. Regionlarda eşitdiyimə görə bahadır. Buna görə də hamı xaricə qaçır. Əsasən də Gürcüstana gedirlər. Türkiyəyə getmək istərdim.

 

- Biləcəridən o tərəfi tanımıram, hara gedə bilərəm axı. İsveçə getmək istəyərdim. Amma öz vətənimdə, Şirvanda keçirəcəyəm.

 

- Yeni ildə Azərbaycanda dincəlməkdənsə, Tiflisdə, Ukraynada dincəlmək daha yaxşıdır. Qiymət fərqi var, oralarda dincəlmək daha ucuz başa gəlir. Çox istəyərdim ki, Tiflisdə keçirim.

 

Turizm şirkətinin direktoru Abbas Süleymanov deyib ki, bu il yeni ili Avropada və ölkə daxilində qarşılamaq istəyən turistlər üçün  şirkət tərəfindən bir neçə istiqamətə  münasib turpaketlər  hazırlanıb.

 

"Buna görə bir sıra ölkələrdən qabaqcadan  qiymətlər alınıb, bu ölkələrə Dubay, Moskva, Türkiyə, Sinqapur, Fransa, İtaliya daxildir. Turistlərimizə, onların büdcəsinə uyğun olaraq erkən rezervasiya qiymətini 35-40 faiz endirimlə təklif edirik. Qiymətlər sosial şəbəkələrdə və eyni zamanda saytda hazırlanıb qoyulub".

 

Şirkət direktorunun sözlərinə görə, son zamanlar insanlar daha çox gəmidə yeni ili qarşılamağa üstünlük verirlər. Bunu nəzərə alaraq kruiz şirkətləri ilə müqavilələr yenilənib, müvafiq qiymətlər alınıb. Dənizdə səyahət  etmək istəyən turistlərin ən çox üstünlük verdiyi ölkələr Türkiyə və Birləşmiş Ərəb Əmirlikləridir.

 

"Bu il daha çox insanların Yeni İli gəmidə qarşılama istəyini hiss eləmişik. Buna görə bir sıra kruiz şirkətləri ilə müqavilələr təzələnib və uyğun qiymətlər alınıb. Məsələn, 400-500 manatdan başlayan kruiz qiymətlərimiz var. Qiymət münasibdir. 7 gün 6 gecədən başlayaraq maksimum istənilən gün sayına qədər kruizlər təşkil edirik. Səyahət paketinin tərkibinə bir neçə ölkədə olmaq da daxildir. Məsələn, Dubay ətrafında bu turları təşkil edirik. Turistlər səyahətə İtalyanın bir şəhərindən başlayaraq bir neçə şəhərini gəzə bilərlər. Bir neçə adaya səyahəti nəzərdə tutan turlar var. Məsələn, Türkiyədə".

 

 

Qiymətə gəmidə gecələmə,  gündə 3 dəfə yemək, qarşılama, yola salma daxildir. Əlavə olaraq mənzil başına çatmaq üçün təyyarə biletini turist özü ödəməlidir. Bundan başqa  əgər viza tələb olunursa, əlavə viza rüsumu da turistin özü tərəfindən ödənilir. Abbas Süleymanov deyib ki, son iki ildə ölkə daxilində də istirahət edənlərin sayı artıb. Bunun əsas səbəbi isə otellərin münasib qiymət təklifi və otellərin yemək sistemlərində dəyişiklik etməsidir.

 

"İki il bundan əvvəl bəzi otellər qiymətə ancaq səhər yeməyini daxil edirdisə, hal-hazırda otellər qiyməti saxlamaqla 3 dəfə yemək sisteminə keçiblər. Bu da artıq turistlərin öz ölkəmizdə istirahətinə gətirib çıxarır. Yeni ildə bir sıra istiqamətlərə - Quba, Qəbələ, Lənkəran, Şəki, Zaqatala istiqamətinə turlar təşkil olunub. Orada hazır otellər,  brend şəbəkə otellərinin bizə öncədən göndərilmiş təkliflərini müştərilərimizə bildiririk. Münasib təkliflər var. Qiymətlər isə 3 gün, iki gecə üçün 250 manatdan 350 manat arası dəyişir. Yəni bu, bir nəfər üçün nəzərdə tutulur. Bu qiymətə oteldə qalmaq və yemək daxildir".

 

Avropaya səyahət etmək istəyən turistlər  üçün isə qiymətlər  800-1000 manat arası dəyişir.

 

"Bir nəfər üçün qiymətə bir həftəlik otel, gediş - dönüş, təyyarə bileti, transfer sığorta,  viza rüsumu və viza dəstəyi daxildir. Türkiyə turları 400-650 manat arası dəyişir. Bura qiymətə gediş-dönüş təyyarə bileti, transfer, sığorta daxildir. Dubay turları 350-600 manat arası dəyişir. Ölkə vətəndaşlarının ən çox üz tutduğu ölkələrdən biri Gürcüstandır. Gürcüstan hər il olduğu kimi bu il də qiymətlərdə münasib endirimlər edib. Gürcüstanda turistlər daha çox Bakurianiyə üz tutur. Qiymətlər 4 gün 3 gecə üçün 400 manatdan başlayır. Bura gediş-dönüş qatar bileti, oteldə gecələmə, gündə üç dəfə yemək daxildir. Bu, bir nəfər üçün qiymətdir. Türkiyənin Uludağ istirahət kompleksində istirahət qiymətləri də 800-1000 manat arası dəyişir".

 

Qeyd edək ki, artıq Yeni İl istirahətini planlaşdırmaq istəyən turistlərin 35-40 faizi endirimli turizm paketlərini əldə edib. Turizm şirkətləri turpaketlərin alınması ilə bağlı ən çox müraciətin dekabrın ilk on günlüyündə olduğunu bildirir.

 

Almaz Qasımova Azər Nağıyev APA TV 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/224067

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR