Kənan Yavuz: TANAP-ın ötürücülük qabiliyyətindən bütövlükdə Azərbaycan istifadə edəcək

Kənan Yavuz: TANAP-ın ötürücülük qabiliyyətindən bütövlükdə Azərbaycan istifadə edəcək
16:13 12 Dekabr 2015
32 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 12 dekabr, Nihad Budaqov, AZƏRTAC
Trans-Anadolu qaz boru kəmərinin – TANAP ötürücülük qabiliyyətindən bütövlükdə Azərbaycan istifadə edəcək.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz “BloombergHT” kanalındakı çıxışı zamanı deyib. K.Yavuz bildirib ki, TANAP-ın balanslaşdırılmış ötürücülük qabiliyyəti var. Digər qaynaqların bu kəmərə qoşulması üçün isə həmin layihələri tez bir zamanda bitirmək lazımdır. Hazırkı vəziyyətdə TANAP-ın tutumunu 100 faizə çatdırmaq üçün digər resurslardan da istifadə etmək olar. Lakin bütün bunlara baxmayaraq bir müddət sonra TANAP-ın ötürücülük qabiliyyətindən bütövlükdə Azərbaycan istifadə edəcək.
Qeyd edək ki, TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu tutumunun 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, “Botaş” - 30 faiz və bp şirkəti - 12 faiz.
 

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR