Türkiyə ilə Azərbaycan milli kitabxanaları arasında əlaqələr genişlənir

Türkiyə ilə Azərbaycan milli kitabxanaları arasında əlaqələr genişlənir
20:18 17 Dekabr 2015
21 Digər
Ölkə mətbuatı
A- A+


Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada, Türkiyə Milli Kitabxanasının direktoru Zülfi Tomanla görüşüb.
Görüşdə Türkiyə Milli Kitabxanasında ölkəmizlə bağlı guşənin yaradılması və Azərbaycan Milli Kitabxanasının elektron resurslarının virtual oxu zalının açılması məsələləri müzakirə olunub.
Azərbaycan Milli Kitabxanasından AZƏRTAC-a bildirilib ki, bu guşənin 2016-cı ilin birinci yarısında təntənəli açılış mərasiminin təşkili planlaşdırılır.
Guşədə, Azərbaycan həqiqətlərini özündə əks etdirən kitablar nümayiş olunacaq. Burada fəaliyyət göstərəcək virtual oxu zalında bir neçə kompyuter vasitəsilə Azərbaycan Milli Kitabxanasının lokal şəbəkəsində yerləşdirilən, internetə çıxışı olmayan kitablar türkiyəli oxucuların, bu ölkədə yaşayan həmyerlilərimizin, eləcə də tədqiqatçıların ixtiyarına veriləcək.
Azərbaycan tarixi, ədəbiyyatı, dissertasiyalar, notlar, XIX əsrin sonu XX əsrin əvvəllərini əhatə edən qəzet və jurnalların tam komplekti xüsusi hazırlanmış proqram vasitəsilə oxuculara çatdırılacaq. Xüsusi hazırlanmış proqram elektron resursların surətinin çıxarılmasına və üzünün köçürülməsinə qadağa qoymaq şərti ilə yalnız istifadəyə imkan verəcəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Turkiye_ile_Azerbaycan_milli_kitabxanalari_arasinda_elaqeler_genislenir-912219

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR