Əli Əhmədov: Ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər

Əli Əhmədov: Ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər
13:08 30 Dekabr 2014
849 Ölkə
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 30 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə ölkəmizin yerləşdiyi bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər". Trend-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov hakim Yeni Azərbaycan Partiyasının saytına müsahibəsində deyib.

Baş nazirin müavini deyib ki, Azərbaycan özünün sürətli inkişafı, sahib olduğu zəngin təbii resursları və əlverişli geopolitik mövqeyi ilə regional miqyasda və beynəlxalq müstəvidə diqqəti cəlb edən dövlətə çevrilib. Bütün bunlar Azərbaycana olan marağı artırıb: “Beləliklə, ayrı-ayrı dövlətlər Azərbaycan vasitəsilə ölkəmizin yerləşdiyi bölgədə öz maraqlarını həyata keçirmək üçün müəyyən cəhdlər edirlər. Bu, əvvəllər də olubdur, bu gün də müşahidə olunur, şübhəsiz, gələcəkdə də baş verəcəkdir. Bu, ümumiyyətlə, dünya praktikasında rast gəlinən bir gerçəklikdir. Amma qəribə məqamlar ondan ibarətdir ki, bu gün ayrı-ayrı dövlətlərin Azərbaycana yönəlik bu yanaşmaları bir az daha intensivləşib”.

Ə.Əhmədov deyib ki, bu intensivləşmənin kökündə dayanan əsas reallıq ondan ibarətdir ki, Azərbaycan regionun lider dövlətinə, ən qüdrəli ölkəsinə çevrilib. Onun sözlərinə görə, bu gün Cənubi Qafqaz iqtisadiyyatının əhəmiyyətli bir hissəsi Azərbaycana mənsubdur: “Azərbaycan iqtisadiyyatının sürətli inkişafı belə bir fikir söyləməyə imkan verir ki, yaxın zamanlarda bütövlükdə Cənubi Qafqazın iqtisadiyyatı dedikdə əsas etibarilə Azərbaycan iqtisadiyyatı başa düşüləcək. Digər tərəfdən, Azərbaycanın demoqrafik inkişafı da, əhalisinin sürətlə artması da ölkəmizin regionda rolunu və əhəmiyyətini ciddi şəkildə artırıb”.

Ə.Əhmədov deyib ki, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqelərinin möhkəmlənməsi Azərbaycanın həm regional, həm də regiondankənar proseslərdə rolunu artırıb və mövqeyini möhkəmləndirib. Bu isə öz növbəsində Azərbaycana olan marağı daha da gücləndirib: “Beləliklə, müxtəlif vasitələrdən istifadə edərək Azərbaycan vasitəsilə bölgəmizlə bağlı maraqların reallaşdırılması istəkləri güclənir. Xüsusilə də, bu sırada ayrı-ayrı beynəlxalq təşkilatların və böyük dövlətlərin ikili standartlar siyasətini müşahidə edirik. Bu, həm Azərbaycandakı daxili siyasi proseslərə müdaxilə edərək qərəzli, subyektiv münasibət göstərməkdə, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətsiz mövqe tutmaqda özünü göstərir. Əlbəttə, bu cür cəhdlərlə nə Azərbaycanın müsbət imicinə kölgə salmaq, nə də ölkəmizdəki ictimai-siyasi sabitlik və təhlükəsizliyə təsir etmək olar. Azərbaycandakı ictimai-siyasi sabitlik o dərəcədə möhkəm dayaqlar üzərində qərar tutub ki, hansısa qərəzli qüvvələr, anti-Azərbaycan dairələri buna təsir edə bilməz. Ölkəmizdə mövcud olmuş bu sabitliyin ən möhkəm qarantı və təminatçısı isə Azərbaycan vətəndaşları və onların sabitliyə, əmin-amanlığa olan inam və sədaqətidir”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2349025.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR