Paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan Milli Dram Teatrının qarşısında yol qəzası baş verib.

ANS PRESS-in məlumatına görə, şirkətlərdən birinə məxsus olan və Elman Məmmədov Zakir oğlunun idarə etdiyi inkasator (pul daşımaq üçün istifadə olunan maşın) Dram Teatrının qarşısındakı yolun kənarındakı məhəccərə çırpılıb. Hadisə nəticəsində sürücü xəsarət almasa da, maşına ziyan dəyib, eyni zamanda, yolun kənarında olan yolnişanı əzilib.

Yol hadisənin baş verməsinə səbəb sürücünün idarəetməni itirməsi olub. Hazırda hadisə yerinə polis əməkdaşları cəlb olunub.

Aldığımız məlumata əsasən, inkasatorın sürücüsü xalq artistləri Gülyaz və Gülyanaq Məmmədovaların qardaşıdır.

Xalq artistinin qardaşı qəza törətdi
Hadisə yerindən görüntü


Hadisə ilə bağlı faktı Gülnaz Məmmədova da təsdiqlədi:

"Qardaşım deyir ki, qarşıma qəfildən taksi çıxdı, içərisində də çoxlu adam var idi, taksi ilə toqquşmamaq üçün maşını kənara qaçırtdım. Ona görə, özümə ziyan dəyməsə də, maşına ziyan dəydi", - deyə xalq artisti bildirdi.

Gülyaz və Gülyanaq Məmmədova bacıları - 1998-ci ildə Azərbaycan Respublikasının Əməkdar artisti, 2014-cü ildə isə xalq artisti fəxri adına layiq görülüblər. 9 may 2012-ci ildə Prezident Mükafatı ilə təltif olunublar.

Xalq artistinin qardaşı qəza törətdi
Gülyaz və Gülyanaq Məmmədovalar