G7 sammitinin gündəliyinə terrorizm və status-kvonun güc yolu ilə dəyişdirilməsi məsələləri daxil ediləcək

G7 sammitinin gündəliyinə terrorizm və status-kvonun güc yolu ilə dəyişdirilməsi məsələləri daxil ediləcək
00:13 4 Yanvar 2016
25 Digər
Ölkə mətbuatı
A- A+


Tokio, 4 yanvar, AZƏRTAC 
Mayın 26-27-də Yaponiyanın ev sahibliyi ilə Mie prefekturasında keçiriləcək G7 sammitində iştirakçılara terrorizm və status-kvonun güc yolu ilə dəyişdirilməsi məsələlərini müzakirə etmək təklif olunacaq.
Bu barə NHK televiziya kanalı məlumat yayıb. Məlumatda qeyd edilir ki, yüksək səviyyəli görüşdə müzakirələrin əsasən dörd istiqamətdə aparılacağı planlaşdırılır – dünya iqtisadiyyatının və beynəlxalq ticarətin vəziyyəti, siyasət və diplomatiya, iqlim dəyişiklikləri və energetika, həmçinin ümumi inkişaf. Bununla yanaşı, hazırda infrastrukturun inkişafı, səhiyyə və qadınların cəmiyyətdə rolunun artırılması kimi mövzuların da gündəliyə daxil edilməsi razılaşdırılır.
Yaponiya hökuməti siyasət və diplomatiya bölməsində İŞİD və digər terrorçu qruplaşmalarla mübarizə məsələsini müzakirə etmək niyyətindədir. Status-kvonun güc yolu ilə dəyişdirilməsi mövzusunda müzakirələr zamanı isə Çinin dənizdə fəallığının artması və Ukraynada baş verən böhran əsas götürüləcək.
Qeyd olunur ki, gündəliyin təsdiqi iştirakçı dövlətlər tərəfindən bir daha müzakirə olunacaq.
G7 sammiti gələn il mayın 26-27-də okean sahillərindəki İse-Sima qoruğunda yerləşən kiçik Sima şəhərində keçiriləcək. Yüksək səviyyəli sammitədək iştirakçı ölkələrin nazirlərinin Yaponiyanın müxtəlif şəhərlərində görüşləri nəzərdə tutulur. Belə ki, xarici işlər nazirləri aprelin 10-11-də Hiroşimada, maliyyə nazirləri və mərkəzi bankların rəhbərləri isə mayın 20-21-də Sendayda görüşəcəklər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/G7_sammitinin_gundeliyine_terrorizm_ve_status_kvonun_guc_yolu_ile_deyisdirilmesi_meseleleri_daxil_edilecek-915977

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR