“Biliklərimiz həyatımızın ən böyük investisiyasıdır” – “Uğur formulu”

“Biliklərimiz həyatımızın ən böyük investisiyasıdır” – “Uğur formulu”
10:39 6 Yanvar 2016
29 Sosial
Ölkə mətbuatı
A- A+

 

 

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təqaüdçülərini tanıdan və Təhsil Nazirliyi ilə Lent.az İnformasiya Agentliyinin birgə layihəsi olan “Uğur formulu”nun qonağı Böyük Britaniyanın Kembric Universitetinin doktorantı Olesya Razuvayevskayadır

 

Xaricdə təhsil üzrə Dövlət Proqramının təqaüdçüsü O.Razuvayevskaya Böyük Britaniyanın Kembric Universitetində yüksək texnologiyalar ixtisası üzrə doktorantura səviyyəsində təhsilini davam etdirir.

 

-Xaricdə təhsil sizə nə verir? Ümidlərinizi doğruldurmu?

 

-Xaricdə təhsilin çox faydaları var. Bu, dünyanın ən nüfuzlu elm xadimlərindən alınan biliklərlə yanaşı, tənqidi düşünməyi, problemləri dərindən təhlil etməyi və bütün qərarlara nəzəri yanaşmanı öyrədir. İstedadlı insanlarla görüşmək, başqa mədəniyyətlə tanış olmaq, daha  məsuliyyətli və aktiv olmağı öyrənmək də əvəzedilməz bir imkandır.

 

Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı çərçivəsində iki dəfə təqaüdçü adını qazanmışam və hər dəfə də xaricdə təhsil gözlədiyimdən daha çox mənfəət gətirib. Magistraturada oxuduğum Edinburq Universitetinin İnformatika fakültəsi Böyük Britaniyanın ən böyük informasiya texnologiyaları mərkəzlərindən biri olaraq, çox geniş kompüter elmləri modulları seçimi, dinamik və ruhlandırıcı mühit, dünyanın ən məşhur professorları tərəfindən akademik dəstək təklif etdi. Artıq təhsilimi bitirəndə gələcək karyeram və  kompüter elmləri sahəsində ixtisaslaşma ilə bağlı məndə dəqiq fikirlər yaranmışdı.

 

Hazırda mən Kembric Universitetində doktorantura səviyyəsi üzrə təhsilimin birinci ilindəyəm. Dünyada ən üstün kompüter kursunu təklif edən və Alan Turinq, Çarls Babeç kimi informasiya texnologiyaları üzrə dahi alimləri yetişdirmiş təhsil ocağında kompüter elmlərini öyrənmək özü çox böyük bir motivasiyadır. Burada tələbələrin marağını cəlb etmək üsulları–müasir avadanlıqlar, həftəlik seminarlar, təbliğat vasitələri, dünyanın ən görkəmli şəxsiyyətləri tərəfindən aparılan mühazirələr həqiqətən də təqdirəlayiqdir.

 

- İxtisasınızla bağlı ilk mərhələdə hansı kitabları seçmisiniz?

 

- Doktorantura səviyyəsində oxuduğuma görə gündəlik oxuduğum materiallar daha çox ən son elmi nəşrlərdən və jurnallardan ibarətdir. Amma kitablar da tədqiqat işində əhəmiyyətli rol oynayır. Tədqiq etdiyim sahə, təbii dilin tanınması çox sayda qaydaların kəsişməsində yerləşir: kompüter elmləri, süni intellekt, maşınların öyrənilməsi, statistika, ehtimal nəzəriyyəsi, kompüter dilçiliyi və s. Bununla əlaqədar, oxunması lazım olan kitablar silsiləsi çox genişdir. Onlardan ikisi isə mənim daimi masaüstü kitablarımdır: “Speech and language processing” (Dan Jurafsky and James H. Martin) və “Machine Learning: An Algorithmic Perspective” (Stephen Marsald). Təbii dilin tanınması və ya maşınların öyrənilməsi ilə maraqlanan bütün tələbələrə bu kitabları məsləhət görərdim.

 

- Fərqli ölkə və təhsil mühitini gördükdən sonra əvvəl oxuduğunuz ali məktəbdə nəyin dəyişməsini arzulayardınız?

 

- Birləşmiş Krallığın təhsil sisteminə əsaslanaraq ölkəmizdə tətbiqini istədiyim yeniliklərin sayı çoxdur. İlk öncə, Azərbaycan dili üçün plagiatların aşkar edilməsi sistemi yaradıb, tətbiq etmək istərdim. Düzünü desəm, bu arzum doktorantura təhsilimin ixtisaslaşması kimi təbii dilin tanınması sahəsini seçməyimdə əsas faktorlardan biri idi. Ev tapşırığından başlayaraq, dissertasiya və elmi nəşrlərə kimi, plagiatın olmaması xaricdə ən zəruri qəbul şərtlərindən biridir. Təəssüf ki, hazırda təhsil sistemimizdə Turnitin kimi plagiatın tanınması üçün sistemlər tətbiq olunmur və ölkəmizdə hələlik universitetlərarası dissertasiya işlərinin ümumi elektron arxivi yaradılmayıb. Odur ki, tədqiqat işlərinin təkrarlanması ehtimalı yüksəkdir və bu isə elmimizi inkişafdan geri saxlayan bir amildir.

 

Əlavə olaraq, universitetlərimizdəki tədris planlarını daha çevik etmək istərdim. Misal üçün, informasiya texnologiyaları çox geniş sahədir və bakalavr səviyyəsində oxuduğum zaman tədris planımız çox sabit strukturlu olduğuna görə, daha maraqlı və karyeramız üçün daha lazımlı fənlərə əsas diqqəti ayırmaq mümkün deyildi.

 

Ali təhsil müəssisələrimizdə texniki  ixtisaslar üzrə oxuyan tələbələr arasında gender disbalansını da yaddan çıxarmamalıyıq. Bunun səbəbləri müxtəlif ola bilər: özünə inamsızlıq, cəmiyyətimizdəki stereotiplər, məlumatın əskikliyi və s. Kembricdə mən kompüter elmləri ilə maraqlanan xanımlar üçün çox effektiv dəstəkləyici misallarla rastlaşmışam:  Women@CL (kompüter elmləri fakültəsində xanım tələbə və professorlardan ibarət olan cəmiyyət), məktəblilərlə görüşlər və İT sahəsində çalışan məşhur xanımların dəstəklənməsi. Sayı az olan qruplar üçün belə xüsusi yanaşma çox vacibdir, çünki bu, özünü tək hiss etməməyə kömək edir. Belə bir hərakatı bizim ali təhsil müəssisələrimizdə və məktəblərimizdə görməyi çox istərdim.

 

- Təhsil aldığınız ölkəyə Azərbaycanla bağlı hansı materialları aparmısınız?

 

- Fakültəmizdə və oxuduğum universitetdə Azərbaycandan gələn yeganə tələbə olduğumdan Azərbaycan haqqında mümkün olduğu qədər çox məlumat yaymaq üçün özümdə böyük məsuliyyət hiss edirəm. Bir çox hallarda insanların ölkəmiz barədə çox az təsəvvürü olduğundan, onlar verdiyim məlumatlara böyük maraq göstərirlər. Birləşmiş Krallığa gedərkən mən ölkəmiz barədə bir çox məlumatlar aparmışam: UNESCO-nun ümumdünya irslərimiz – əl sənətkarlığı  şedevrlərimiz, xalçalarımız, tarixi abidələrimiz, təbii mənzərələrimiz, mətbəximiz və bayramlarımız ilə bağlı kitabçaları və dahi şairlərimizin ingilis dilinə tərcümə olunmuş elektron kitabları. Əlavə olaraq, xalq, muğam, caz və klassik musiqimizin disklərini gətirmişəm və onlara qulaq asmaq istəyənlər kifayət qədər çox olub.  Bəzən tanışlarım üçün milli yeməklərimizdən bişirməyə çalışıram. Edinburqda oxuduğum zaman Edinburq-Azərbaycan cəmiyyətinin üzvü idim. Biz tələbələr və müəllimlər üçün bir neçə tədbir təşkil edib, ölkəmiz haqqında təqdimatlar etmişdik və müxtəlif hədiyyələr paylamışdıq. 

 

-Azərbaycan gənclərinə, ölkəmizdəki dostlarınıza, həmyaşıdlarınıza nə demək istərdiniz?

 

-Gənclərimizə öz təhsillərinə daha ciddi yanaşmağı, üzərlərində bacardıqları qədər ciddi çalışmağı, sual verməkdən çəkinməməyi və öyrəndiklərini təhlil etməyi məsləhət görmək istərdim. Bilikləriniz həyatınızın ən böyük investisiyasıdır. Gələcəkdə təhsilinizi xaricdə davam etdirmək istəsəniz, fərqli təhsil təcrübəsi qazanmaq üçün xaricdə təhsil almaq kimi əvəzedilməz şansdan istifadə edin. Xaricdəki universitetlərin tələbləri çox yüksək, tədris planı isə çox intensiv ola bilər. Amma çətin işinizin nəticələrindən həyatınız boyu faydalanacaqsınız.

 

- Oxuduğunuz ali məktəbdə müəllim-tələbə münasibəti necədir?

 

-Oxuduğum universitetlərdə müəllim-tələbə münasibətləri qarşılıqlı hörmət əsasında qurulub və çox demokratik xarakter daşıyır. Professorlar çox məşğul şəxslərdir və bəzən onlarla mühazirələrdən kənar görüş təyin etmək çətin olur.  Amma bu, sizi həvəsdən salmamalıdır. Tədris proqramlarına uyğun olaraq, müəllimlərin çoxu tələbələrlə görüşmək üçün iş saatları ayırır. Bütün tələbələrə, hətta xırda suallar üçün həmin fürsətdən istifadə etməyi məsləhət görərdim. Həmin görüşlərdən siz imtahanlar və ev tapşırıqları üçün faydalı məlumatları əldə edə bilərsiniz. Əlavə olaraq, müzakirələrin nəticəsində siz gələcək dissertasiya işinizin mövzusunu və rəhbərini təyin edə bilərsiz. Doktorantura səviyyəsində isə professor-tələbə münasibətləri daha yaxın olur və görüşlər daha tez-tez baş verir. Çox hallarda siz bir layihə üzərində işləyirsiz və tanınmış alimlərin kiçik əməkdaşı sayılırsız.

 

- Universitetdə əcnəbi tələbələrə münasibətdən razısınızmı?

 

- Çox razıyam. Burada oxuyan tələbələr çox savadlı, nəzakətli, hər kəsə hörmətlə yanaşan və tolerant insanlardır. Onlar həmişə biliklərini bölüşməyə və məsləhət verməyə hazırdırlar. Kitabxanada və ya evdə işləməkdən fərqli olaraq, xüsusi bilik mübadilə mühiti laboratoriyada işləməyi daha faydalı edir. Əvvəlki xarici qrup yoldaşlarımla da indiyədək dostluq münasibətlərini saxlayıram.

 

- Xarici ölkədən Azərbaycan təhsilini necə görürsünüz?

 

- Xaricdə təhsil ilə müqayisə etdikdə, bizim təhsilimiz daha az ixtisaslaşmış və daha sabit strukturludur. Bunun nəticəsi olaraq, bizim universitetlərdə tələbəyə nəzarət daha çox hiss olunur. Burada isə tələbənin əsas uğur faktoru öz üzərində sərbəst işləmək bacarığıdır. Əlavə olaraq, xaricdə qeyri-hökumət təşkilatlarının və orqanlarının təhsilə, avadanlıqlara və universitetlərə ayırdığı investisiya, göstərdiyi dəstək çox böyükdür. Azərbaycanda isə bu hərakat hələlik başlanğıc nöqtəsindədir. İnformasiya texnologiyalarından danışsaq, hazırda universitetlərimizdə tədris olunmayan və tədris olunduqda ölkəmizə böyük fayda verə biləcək çoxlu istiqamətlər mövcuddur. Son illər ərzində ali təhsil müəssisələrimizin bəzilərində informatika sahəsi üzrə yeni ixtisaslar təklif olunub. Bu da gələcək inkişaf üçün müsbət potensialı göstərir.

 

- Çətinlikləriniz varmı?

 

- Əlbəttə ki, dəyişikliklər çətinliksiz olmur. Universitetin yüksək standartları və tələbləri, xarici dilə və ölkəyə adaptasiya,  burada bakalavr səviyyəsində keçilən bəzi fənlərdən təcrübəmin olmaması – bütün bunlar ilk addımları atarkən böyük çətinliklər yaradırdı. Lakin buradakı universitetlərdə bu çətinliklərlə bağlı köməklik göstərmək, məsləhət vermək və onları aradan qaldırmaq üçün çoxlu mütəxəssislər çalışır: beynəlxalq tələbələr ofisi, müxtəlif cəmiyyətlər, individual təhsil məsləhətçisi, tədqiqat işinin rəhbəri və fakültədəki müəllimlər.

 

- Asudə vaxtınızda nə ilə məşğul olursunuz?

 

- Asudə vaxtımda universitetimizin və fakültəmizin tədbirlərində iştirak etmək və həmin tədbirlərin təşkilində köməklik göstərməyə çalışıram. Xüsusilə, Women@CL tərəfindən keçirilən tədbirlər, məktəblilərlə görüşlər və maraqlı qonaqlarımızın təqdimatları məni çox ruhlandırır. Universitetimizdə fənlərarası layihələrdə iştirak etmək üçün bütün şərait yaradılıb.

Xüsusi marağım sahibkarlar təşkilatının üzvü olmaq və İKT sahəsində startapların inkişafı barədə öyrənməkdir. Əlavə olaraq, alman dili kursuna gedirəm. Təəssüf ki, asudə vaxtım çox nadir hallarda olur. Çünki doktorantura səviyyəsində oxuyan tələbələrin tətili olmur. Odur ki, tədqiqat üzərində iş aramsız davam etdirilməlidir.

 

#‎TəhsilNazirliyi #‎EduAz #‎UğurFormulu

 



Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/227631

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR