Yunis Hüseynov istefa verdi

Yunis Hüseynov istefa verdi
16:39 13 Yanvar 2016
13 İdman
Ölkə mətbuatı
A- A+

Topaz Premyer Liqasında növbəti baş məşqçi istefası gerçəkləşib. Apasport.az saytının məlumatına görə, “Xəzər Lənkəran”ın baş məşqçisi Yunis Hüseynov vəzifəsindən ayrılıb.

 

O, bundan sonra yenidən komandanın idman direktoru vəzifəsini icra edəcək.

 

2015-ci ilin yayında baş məşqçi postuna qayıdan Hüseynov çempionatın 18 turu və 1 kubok oyunundan sonra vəzifəsindən ayrılıb. Əvvəllər də “ağ-yaşıllar”ın baş məşqçisi olan Hüseynov ümumilikdə bu postda 45 oyun keçirib.

 

“Xəzər Lənkəran” onun rəhbərliyi altında 13 qələbə qazanıb, 14 heç-heçə edib və 18 dəfə uduzub.  Bu görüşlərdən 39-u Premyer Liqa, 2-si Azərbaycan kuboku, 4-ü Avropa Liqasına təsadüf edib.

 

Əsas komandanın baş məşqçisi vəzifəsinə isə əvəzedicilərin çalışdırıcısı Elbrus Məmmədov gətirilib. Ötən ilin qışında da əvəzediciləri əsas komandaya dəyişən çalışdırıcı 14 çempionat və 2 kubok matçında komandaya rəhbərlik edib. Bu qarşılaşmalarda 2 qələbə və eyni sayda heç-heçəyə nail olan cənublular 12 dəfə meydanı xalsız tərk edib.

 

Cari mövsümün ilk yarısından sonra “Xəzər Lənkəran”ın həm əsas, həm də əvəzedici komandası turnir cədvəlinin 9-cu pilləsində qərarlaşıb. 18 oyundan sonra Məmmədovun yeni komandası 12, əvəzedicilər isə 19 xal toplayıb.

 

Qeyd edək ki, bu, cari mövsümünün 4-cü baş məşqçi istefasıdı. Bunadək “Neftçi” Samir Əliyevi Əsgər Abdullayevlə, “Rəvan” Emin Quliyevi Bəhmən Həsənovla, “Sumqayıt” isə Aqil Məmmədovu Samir Abasovla əvəzləmişdi.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/228540

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR