Bakı, 11 fevral, AzərTAc
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu il radio və TV yayımının keyfiyyətinin daha da artırılması, eləcə də radiotezliklərdən istifadə üzrə bir sıra işlər görəcək.
Nazirlikdən AzərTAc-a bildirlib ki, birinci yarımillikdə respublika əhalisinin rəqəmli TV yayımı ilə tam əhatə olunması məqsədilə siqnalın olmadığı yerlərin müəyyənləşdirilməsi üçün radiomonitorinq keçiriləcək və az güclü rəqəmli vericilər quraşdırılacaq. Efir qəbulu ilə işləyən stansiyalarda siqnallar “Azerspace” peykindən təşkil olunacaq. Birinci yarımilliyin sonunadək TV və radio proqramlarının dayanıqlığına nəzarət sisteminin istismara verilməsi planlaşdırılır. İl ərzində radioelektron vasitələrin texniki parametrlərinin yoxlanılması məqsədilə laboratoriyanın yaradılması üzrə tədbirlər davam etdiriləcək.