Bakı, 26 yanvar, AZƏRTAC
Dünya şöhrətli serb kinorejissor Emir Kusturitsa tamamilə rus dilində olacaq film çəkmək niyyətindədir.
AZƏRTAC ruskiekspres.rs saytına istinadla xəbər verir ki, “Ruski ekspres” serb media mərkəzinə müsahibə verən E.Kusturitsa filmi dahi rus yazıçısı Fyodor Dostoyevskiyə həsr etmək istəyir. “Milyonlarla ideyalarım olur, bu, mənim problemimdir. Həyatımın sonuna kimi mütləq rusca bir film çəkəcəyəm. Rusiyanı sevirəm, çünki, damarlarımda rus qanı axdığını hiss edirəm. Rus kinematoqrafı Hollivudun təsiri altında düşməməlidir. Ədəbi ənənəsi çox böyük olan Rusiyada mövzu və məzmun genişliyi qərb nümunələrini təkrar etməməyə imkan verir”.
Qeyd edək ki, E.Kusturitsa Serbiyada yanvarın 22-də açılmış 9-cu “Kustendorf” kinofestivalında iştirak edir. Onun filmləri Avropanın bir çox kinofestivallarında mükafatlara layiq görülüb.