Tanınmış hüquqşünas Aslan İsmayılovun xalq artisti İlhamə Quliyeva barəsində dediyi sözlər cavabsız qalmayıb. Lent.az-a açıqlama verən xalq artisti bildirib ki, A.İsmayılovun fikirləri onun üçün mənasızdır: “Adı Aslandır, özü bilmirəm kimdir. Barəmdə dediklərinə cavabım odur ki, kal əzgildir, otursun yerində. Çaşmasın. Hüquqşünasdırsa, dediyi sözlərin həddini bilsin. Danışıb, danışsın. Mən ona göstərəcəyəm ki, yersiz danışmaq necə olur”.

Qeyd edək ki, hüquqşünas Aslan İsmayılov xalq artistinin keçmiş köməkçisi Mehriban Hüseynovanın yazdığı məktubla bağlı açıqlama verərək İ.Quliyevanın artıq milləti, xalqı bezdirdiyini bildirmişdi: “İlhamə Quliyeva bir kal armud olub keçib bu millətin boğazına. Özünə hörmət edən heç kəs, o cümlədən, mən də dəfələrlə onun danışdığı, dediyi sözlərə qarşı öz abrımıza qısılıb susmuşuq. Biz susduqca, İlhamə Quliyeva daha da irəli gedib. “Şərəf”, “Şöhrət” ordeni almış bu adamın bir müddət öncə Azərbaycan telekanallarında “mən yemirəm, yedizdirirəm” deməsi həmin ordeni verənlərə qarşı da hörmətsizlikdir. Eyni zamanda Azərbaycan dövlətinə, xalqına qarşı hörmətsizlikdir. Bu günə qədər onun bütün əndazələri aşaraq televiziyalarda özünü banda başçısı kimi aparması hamıya, Azərbaycan xalqına qarşı təhqirdir”.