"Trans-Sakit Okean Əməkdaşlıq" sazişi üzv ölkələr tərəfindən rəsmi olaraq imzalanıb. ANS PRESS-in məlumatına görə, imzalama mərasimi Yeni Zelandiyanın Oklend şəhərində baş tutub.

Ticarət razılaşması dünya iqtisadiyyatının 40 faizini təşkil edən 12 ölkə arasında əldə olunub. Bura Amerika Birləşmiş Ştatları, Kanada, Meksika, Avstraliya, Yaponiya, Malayziya, Peru, Vyetnam, Bruney, Çili, Yeni Zelandiya və Sinqapur daxildir.

Razılaşma ölkələr arasında yatırım şərtlərinin yüngülləşməsinə imkan verəcək.

Tərəflər uzun müddət aparılan danışıqlarda sonra 2015-ci ilin oktyabr ayında belə bir əməkdaşlığa razılıq vermişdilər.

Amerika hökumətinin ticarət nümayəndəliyi agentliyinin rəsmisi Maykl Froman razılaşmanın ölkə iqtisadiyyatına il ərzində 100 milyard dollar gətirə biləcəyini deyib. “5 il çəkən danışıqlardan sonra əldə olunan razılaşma Amerikanın Asiya Sakit Okeanı regionunda öz ticarətini qurması üçün vacib əhəmiyyət kəsb edir. Bu razılaşmadan amerikalı işçilər, fermerlər və digər biznes sahibləri də xeyir götürəcəklər”. Froman belə deyib.